Gündəm 

Tarixdə ilk dəfə… – ŞƏRH

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (World Urban Forum 13) Azərbaycanın beynəlxalq gündəmdə artan rolunu təsdiqləyən mühüm hadisə kimi yadda qaldı. Forum çərçivəsində ilk dəfə təşkil edilən Liderlərin Bəyanatları Sessiyası isə tədbirin mahiyyətini yalnız peşəkar şəhərsalma platforması olmaqdan çıxararaq, onu qlobal siyasi dialoq məkanına çevirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu sessiya Ümumdünya Şəhərsalma Forumunun tarixində yeni səhifə açdı. Mayın 18-də baş tutan yüksək səviyyəli toplantıda 27 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri, eləcə də müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri iştirak etdilər. Bu fakt özlüyündə forumun beynəlxalq siyasi çəkisinin əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir. Bir məqamı da qeyd edək ki, tarixdə ilk dəfə olaraq, ev sahibi ölkənin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyasında 27 dövlət və hökumət başçısının iştirak etməsi mühüm məsələdir.

İqlim təhlükəsizliyi, sosial rifah, iqtisadi dayanıqlılıq və qlobal sabitliklə bağlı strateji sahə

İndiyədək daha çox texniki və institusional müzakirələr üçün platforma hesab edilən Ümumdünya Şəhərsalma Forumu ilk dəfə olaraq dövlət rəhbərlərinin strateji baxışlarını ifadə etdiyi siyasi tribuna statusu qazandı. Bu dəyişiklik təsadüfi deyil. Müasir dövrdə şəhərsalma artıq memarlıq və infrastruktur məsələsi olmaqdan çıxaraq, iqlim təhlükəsizliyi, sosial rifah, iqtisadi dayanıqlılıq və qlobal sabitliklə birbaşa bağlı strateji sahəyə çevrilib.

Sessiyanın təşkili Azərbaycanın məhz bu yeni reallığı düzgün oxuduğunu nümayiş etdirdi. Bakı göstərdi ki, şəhərlərin gələcəyi ilə bağlı qərarlar yalnız mütəxəssislər səviyyəsində deyil, siyasi liderlik səviyyəsində də müzakirə olunmalıdır.

Çoxtərəfli diplomatiyada yeni nüfuz

Toplantıda iştirak edən dünya dövlətlərinin rəsmiləri Azərbaycanın yaratdığı təşkilati şəraiti, yüksək qonaqpərvərliyi və açıq dialoq mühitini xüsusi qeyd etdilər. Bu, diplomatik nəzakət çərçivəsindən kənara çıxan mühüm siyasi mesaj idi. Çünki belə qiymətləndirmələr ölkənin beynəlxalq etimad kapitalının göstəricisidir.

Forum iştirakçıları Azərbaycanın son illər qlobal təşəbbüslər üçün etibarlı platformaya çevrildiyini bir daha təsdiqlədilər. Bakının əvvəlki illərdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, COP29-un təşkili və indi WUF13 çərçivəsində Liderlərin Bəyanatları Sessiyasının keçirilməsi Azərbaycanın çoxtərəfli diplomatiyada yeni nüfuzunu ortaya qoydu.

“Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, dayanıqlı enerji həlləri beynəlxalq diqqətin mərkəzində

Sessiyada diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma layihələrinin beynəlxalq maraq doğurması oldu. Liderlər Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə həyata keçirilən genişmiqyaslı şəhərsalma işlərini yüksək qiymətləndirərək bunu postmünaqişə dövrü üçün innovativ inkişaf modeli kimi təqdim etdilər.

Xüsusilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, dayanıqlı enerji həlləri, rəqəmsal idarəetmə sistemləri və ekoloji memarlıq yanaşmaları beynəlxalq diqqət mərkəzində oldu. Azərbaycanın bu ərazilərdə qurduğu model yalnız bərpa prosesi deyil, gələcəyin şəhərlərinin praktiki prototipi kimi dəyərləndirildi.

Bu yanaşma Azərbaycanın urbanizasiya sahəsində regional təcrübə ixracatçısına çevrildiyini göstərir. Əgər əvvəlki mərhələlərdə ölkəmiz əsasən Avropanın enerji təminatçısı və tranzit nəqliyyat diplomatiyası ilə tanınırdısa, indi bu siyahıya dayanıqlı şəhərsalma siyasəti də əlavə olundu.

Siyasi iradə, təşkilati bacarıq və strateji baxış

Liderlərin Bəyanatları Sessiyası həm də göstərdi ki, Azərbaycan qlobal çağırışlar ətrafında konsensus yarada bilən ölkə statusunu möhkəmləndirir. İqlim dəyişiklikləri, urbanizasiya təzyiqi, sosial inklüzivlik və şəhər təhlükəsizliyi kimi məsələlər artıq ayrı-ayrı dövlətlərin deyil, ümumi beynəlxalq məsuliyyətin predmetidir.

Bakıda bu mövzular ətrafında formalaşan dialoq sübut etdi ki, Azərbaycan yalnız bu müzakirələrə qoşulan tərəf deyil, onların gündəliyini formalaşdıran təşəbbüskar aktora çevrilib.

Bakı bir daha nümayiş etdirdi ki, XXI əsrin əsas çağırışları ətrafında dialoqu bir araya gətirmək üçün lazım olan siyasi iradə, təşkilati bacarıq və strateji baxış Azərbaycanda mövcuddur. WUF13 bunun ən aydın təsdiqlərindən biri oldu.

Orxan Vahidoğlu, “İki sahil”

Daha çox xəbərlər