Dünya 

İranın raket sənayesi ilə bağlı ŞOK MƏLUMAT

İran ABŞ və İsrailin zərbələrindən sonra ballistik raketlərin və digər mühüm silah sistemlərinin istehsalını yenidən bərpa edib.

Musavat.com xəbər verir ki, bu barədə İsrail və ABŞ kəşfiyyatının məlumatlarına istinadən “Mako.co.il” və CNN telekanalı məlumat yayıb.

İranın hərbi sənayesinin tamamilə məhv edilməsinə dair daha əvvəl səsləndirilən bəyanatlara baxmayaraq, yeni qiymətləndirmələr Tehranın artıq bəzi silahların istehsalını bərpa etdiyini sübut edir.

İsrailin yüksəkrütbəli rəsmisi təsdiqləyib ki, İran əlində qalan salamat komponentlərə əsaslanaraq, həmçinin təmir edilmiş və ya zərər görməmiş istehsal xətlərini işə salaraq “kritik əhəmiyyətli” sistemlərin məhdud istehsalına başlayıb.

Söhbət yeni ballistik raketlərin, buraxılış qurğularının, zenit raketlərinin və pilotsuz uçuş aparatlarının (PUA) istehsalından gedir. Bundan əlavə, İran hərbi əməliyyatlar zamanı bloklanmış tunellərdə qalan raket və buraxılış qurğularını yenidən xidmətə qaytarır.

İsrail rəsmilərinin qiymətləndirmələrinə görə, iranlılar bir neçə ay ərzində hücum PUA-ları şəbəkəsini tam bərpa edə biləcəklər. Raket istehsalının bərpasına gəlincə isə proqnozlar göstərir ki, Tehran bir il ərzində, bəlkə də daha qısa müddətdə istehsal tempini artıra biləcək.

CNN-in mənbələrinin məlumatına görə, bu cür sürətli bərpaya Rusiya və Çinin yardımı təkan verə bilər. Üstəlik, ABŞ və İsrailin hücumlarının nəticələrinin zənn edildiyindən daha az dağıdıcı olduğu üzvə çıxıb. Telekanal həmçinin qeyd edir ki, ABŞ-nin blokadası səbəbindən tədarükün həcmi məhdudlaşsa da, Çin İrana raket istehsalı üçün komponentlər göndərməyə davam edib.

Öz növbəsində, İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, Çin İrana “raket istehsalı üçün komponentlər” ötürür. Çin Xarici İşlər Nazirliyi isə bu iddiaları təkzib edərək, onları “faktlara əsaslanmayan” bəyanatlar adlandırıb.

Eyni zamanda, İsrail hərbçiləri etiraf ediblər ki, İranın müdafiə sənayesi obyektlərinin bir hissəsi hava zərbələrindən gözlənildiyindən daha az zərər çəkib və ya ümumiyyətlə zədələnməyib.

Xatırladaq ki, daha əvvəl “The Washington Post” qəzeti ABŞ və İranın ilkin razılığa gəldiyini, lakin Hörmüz boğazının statusunun hələ də sual altında qaldığını yazıb. Diplomatlardan birinin sözlərinə görə, qarşılıqlı anlaşma memorandumunun imzalanmasından dərhal sonra İran Hörmüz boğazını açacaq və 30 gün ərzində gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qaytarılması üçün tədbirlər görəcək.

CNN həmçinin xəbər verib ki, ABŞ prezidenti Donald Tramp İranın taleyini müzakirə etmək üçün milli təhlükəsizlik üzrə müşavirlərini təcili iclasa çağırıb.

Lakin bu görüş növbəti addımlarla bağlı yekun qərar qəbul edilmədən başa çatıb.

Tehran isə öz növbəsində ABŞ ilə fikir ayrılıqlarının “çox dərin” olaraq qaldığını, razılığın əldə olunması üçün əlavə vaxta və növbəti danışıqlara ehtiyac duyulduğunu bildirir.

Daha çox xəbərlər