Sosial 

Azərbaycanda qadınların pensiya yaşının azaldılması təklif olunur

“Son dövrlərdə qadınlarla kişilər arasında əməkhaqqı fərqinin azalması istiqamətində qadınların xeyrinə mühüm dəyişikliklər müşahidə olunur. Bu istiqamətdə sənəddə qeyd olunduğu kimi, əgər əvvəlki illərdə qadınlarla kişilər arasında əməkhaqqı fərqi təxminən 54 faiz təşkil edirdisə, 2025-ci ilin göstəricilərinə əsasən, artıq qadınların əməkhaqqı kişilərin əməkhaqqının 67 faizinə çatıb. Hesab edirəm ki, bu, müsbət tendensiyadır”.

Musavat.com-un məlumatına görə, bunu Mlli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında deputat Əli Məsimli bildirib.

MESİM.jpg (103 KB)

O qeyd edib ki, təhsil, səhiyyə və dövlət idarəetməsi sahələrində qadınların maaşı kişilərin maaşının 86-89 faizini təşkil edir:

“Bu isə beynəlxalq praktikada orta məqbul hesab olunan göstəricidən xeyli yüksəkdir. Lakin bəzi sahələrdə fərq hələ də qalmaqdadır. Məsələn, tikinti sahəsində qadınların əmək haqqı kişilərin əmək haqqının 52 faizini, maliyyə sektorunda isə 56 faizini təşkil edir. Bu göstəricilər beynəlxalq praktikadan aşağıdır”.

Əli Məsimlinin sözlərinə görə, bunun obyektiv səbəbləri olsa da, məsələni yalnız obyektiv amillərlə məhdudlaşdırmaq olmaz:

“Qadın əməyinin dəyərləndirilməsi təkcə hüquqi və iqtisadi məsələ deyil. Bu, həm qadının, həm ailənin, həm də uşaqların rifahı və ümumi inkişaf kontekstində qiymətləndirilməlidir. Bu baxımdan qəbul olunan hökumət proqramlarının müsbət tərəflərini yüksək qiymətləndirirəm. İşgüzar mühitlə əməkdaşlıq, əmək bazarında stimullaşdırma və qadınların əmək haqqının kişilərin əmək haqqına yaxınlaşdırılması istiqamətində mühüm addımlar atılır.

Digər mühüm məsələ isə Azərbaycanda qadınların pensiya yaşının 65 yaşa çatdırılmasıdır. Qadınların əmək bazarında iştirakı müəyyən fərqlərlə müşahidə olunur. Buna görə də qadınların erkən pensiyaya çıxması ilə bağlı məsələlərin gələcəkdə daha da aktuallaşacağı gözlənilir”.

Deputat bildirib ki, Azərbaycanda qadınların pensiya yaşı 65-ə çatdırılıb:

“Bu, MDB məkanında çox yüksəkdir. Qadınların erkən pensiyaya çıxması məsələsi getdikcə aktuallaşacaq. Hazırda çoxuşaqlı ailə dedikdə 5 və daha çoxuşaqlı ailə nəzərdə tutulur və müavinət verilir. Belə ailələrin xüsusi çəkisi 3%-in altındadır. Ona görə də çoxuşaqlı ailə modeli 5-dən 3 uşağa endirilsə, həm analara 5 il tez pensiyaya çıxma hüququ qazandıracaq, həm də xeyli uşaq müavinət alacaq”.

Daha çox xəbərlər