Dünya 

Trampdan MÜHÜM Bakı-İrəvan anonsu: Seçkilərdən sonra…

ABŞ prezidenti Donald Tramp “Bakı Enerji Həftəsi”nə ünvanladığı məktubda Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. O, bildirib ki, Azərbaycan-Ermənistan arasında ötən il avqustun 8-də Ağ Evdə keçirilən görüş zamanı tərəflər sülh prosesinin irəliləməsi istiqamətində mühüm addım atıblar. Onun sözlərinə görə, həmin görüş nəticəsində Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün təmin olunması yolunda ciddi irəliləyiş əldə edilib.

ABŞ prezidenti vurğulayıb ki, regional enerji inteqrasiyası avqustun 8-də baş tutan tarixi sülh sammitinin əsas istiqamətlərindən biridir. O qeyd edib ki, administrasiyası bu mövzu ətrafında iyun ayında keçiriləcək müzakirələri səbirsizliklə gözləyir.

“Biz birlikdə sülhü daha da möhkəmləndirəcək, rifahı artıracaq və regionda, eləcə də dünyada daha təhlükəsiz gələcəyin formalaşmasına töhfə verəcəyik”, – deyə Tramp məktubunda bildirib.

ABŞ prezidentinin bu açıqlaması bir sıra suallar doğurur. Tramp hansı konkret razılaşmalara və ya əldə olunmuş nəticələrə əsaslanaraq Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə nail olunduğunu bəyan edir? İyun ayında nəzərdə tutulan müzakirələrin gündəliyində hansı məsələlər yer alacaq?

Ekspertlər hesab edirlər ki, qarşıdakı danışıqlarda Zəngəzur dəhlizi ətrafında əməkdaşlıq mexanizmləri, regional nəqliyyat-kommunikasiya xətlərinin açılması, enerji layihələrinin inteqrasiyası, sərhədlərin delimitasiya və demarkasiyası, həmçinin yekun sülh sazişinin icrası ilə bağlı məsələlər müzakirə oluna bilər.
Vaşinqtonun nikbinliyinin arxasında konkret diplomatik razılaşmalar dayanır, yoxsa bu, tərəfləri yekun sülh müqaviləsinə təşviq etməyə hesablanmış siyasi mesajdır? İyun ayında baş tutacaq müzakirələr regionun gələcəyini müəyyənləşdirəcək yeni qərarların qəbuluna gətirib çıxara bilərmi?

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-da bu açıqlamalarda olan əminliyin açıq şəkildə göründüyünü söylədi: “Trampın Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı nikbin açıqlamaları ilk baxışda Vaşinqtonun regionda sülh prosesinə verdiyi siyasi dəstəyin ifadəsi kimi görünür. Lakin gəlin etiraf edək ki, diplomatiyada adi bir söz yüz dəfə ölçüb- biçilib deyilir. Xüsusən də, ABŞ prezidenti səviyyəsində səsləndirilən fikirlərin arxasında adətən müəyyən siyasi hesablamalar, diplomatik təmaslar və gələcək planlar dayanır.

Əgər Tramp həqiqətən də “uzunmüddətli sülh yolunda ciddi irəliləyiş” ifadəsini işlədibsə, deməli Vaşinqtonun əlində tərəflər arasında əldə olunmuş və hələ ictimaiyyətə tam açıqlanmayan müəyyən razılaşmalar və ya qarşılıqlı anlayışlar mövcuddur. Çünki Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi hələ imzalanmayıb, sərhədlərin delimitasiya və demarkasiyası prosesi tam başa çatmayıb, kommunikasiyaların açılması məsələsi isə hələ də müzakirə predmetidir. Belə olan halda ABŞ prezidentinin bu qədər optimist danışması diqqətdən kənarda qala bilməz.

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Vaşinqton uzun illərdir Cənubi Qafqazda sabitliyin təmin olunmasını strateji məqsəd hesab edir. Bu gün dünyanın enerji xəritəsində Azərbaycanın rolu durmadan artır. Avropanın enerji təhlükəsizliyində Bakı mühüm tərəfdaşa çevrilib. Məhz buna görə də regionda davamlı sülh təkcə Azərbaycan və Ermənistan üçün deyil, Qərb üçün də mühüm geosiyasi və iqtisadi əhəmiyyət daşıyır. Trampın məktubunda enerji inteqrasiyasına xüsusi yer ayırması da təsadüfi deyil. Çünki müasir dünyada enerji marşrutları ilə sülh marşrutları çox vaxt eyni xətt üzrə hərəkət edir.
İyun ayında keçiriləcəyi gözlənilən müzakirələrin gündəliyində Zəngəzur dəhlizi ətrafında əməkdaşlıq mexanizmləri, regional nəqliyyat-kommunikasiya xətlərinin açılması, enerji layihələrinin genişləndirilməsi, sərhədlərin hüquqi rəsmiləşdirilməsi və gələcək sülh sazişinin icra mexanizmlərinin yer alacağı ehtimalı kifayət qədər yüksəkdir. Çünki bu məsələlər həll edilmədən bölgədə tam və dayanıqlı sülhdən danışmaq çətindir.

Əslində bu gün region tarixi seçim qarşısındadır. Otuz ildən artıq davam edən qarşıdurmadan sonra ilk dəfədir ki, Cənubi Qafqazın gələcəyi müharibə ssenariləri ilə deyil, iqtisadi inteqrasiya, nəqliyyat əlaqələri və enerji əməkdaşlığı prizmasından müzakirə olunur. Bu, region üçün tamamilə yeni reallıqdır.
Lakin bütün nikbin bəyanatlara baxmayaraq, proseslərin taleyini bəyanatlar deyil, konkret addımlar müəyyən edəcək. Diplomatiya emosiyalarla deyil, imzalanmış sənədlərlə ölçülür. Buna görə də Trampın açıqlamasını yekun nəticə kimi deyil, tərəfləri sülh müqaviləsinə daha da yaxınlaşdırmağa hesablanmış güclü siyasi mesaj kimi qiymətləndirmək daha doğru olar.

Əgər iyun ayında nəzərdə tutulan müzakirələr real razılaşmalarla nəticələnsə, kommunikasiyalar açılarsa, sərhədlərlə bağlı hüquqi mexanizmlər formalaşarsa və tərəflər yekun sülh sazişinə doğru növbəti addımları atsalar, o zaman həqiqətən də Cənubi Qafqaz yeni tarixi mərhələyə qədəm qoya bilər. Bu halda söhbət sadəcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasından deyil, bütövlükdə regionun siyasi və iqtisadi xəritəsinin dəyişməsindən gedəcək”.

Cavanşir Abbaslı
Musavat.com

Daha çox xəbərlər