Yeni qanun sosial şəbəkələrə nələri məcbur edir?
Milli Məclisdə müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklər sosial şəbəkələrdən istifadə ilə bağlı yeni yaş məhdudiyyətini gündəmə gətirib. Təklifə əsasən, 16 yaşdan kiçik şəxslərin sosial platformalarda hesab açmasına icazə verilməyəcək, 16–18 yaş arası istifadəçilərin fəaliyyəti isə valideyn nəzarəti altında həyata keçiriləcək. Məqsəd uşaqları rəqəmsal mühitdə rast gəlinən zərərli kontent, psixoloji təzyiqlər, bullinq və digər risklərdən qorumaq kimi izah olunur.
Yeni yanaşma həm valideynlər, həm də cəmiyyət üçün bir sıra suallar yaradır: bu qadağa işlək olacaqmı? Yaş məhdudiyyətinə əməl olunmasına necə nəzarət ediləcək? Valideyn nəzarət mexanizmi praktikada nə dərəcədə effektiv ola bilər və texniki baxımdan platformalar bunu təmin edə biləcəkmi? Nəzarətin güclü olması üçün hansı addımlar atılmalıdır ki, qanun yalnız kağız üzərində qalmasın?

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
““İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən yeni dəyişikliklər uşaqların virtual mühitdəki fiziki və psixoloji sağlamlığını qorumağa yönəlmiş fundamental rəqəmsal təhlükəsizlik yanaşmasıdır. Layihənin əsas məramı internet fəzasında rast gəlinən bullinq, cinsi istismar və digər zərərli tendensiyalara qarşı dövlətin real həyatda tətbiq etdiyi yaş senzlərini (məsələn, zərərli vərdişlərə qarşı məhdudiyyətləri) virtual məkana da daşımaqdır. Bu addım ailə institutunun təhlükəsizliyini təmin etmək məqsədilə uşaqların erkən yaşda sosial media asılılığına düşməsinin qarşısını alan qabaqlayıcı müdafiə xəttidir. Qanun layihəsinin praktik tətbiqi prosesində platforma provayderləri tərəfindən idarə olunacaq iki fərqli nəzarət mexanizmi nəzərdə tutulur. Birinci mərhələdə 16 yaşınadək uşaqların fərdi hesab açmasının tamamilə qarşısını almaq üçün elektron poçt, mobil nömrə və ya rəqəmsal ödəniş alətlərinə əsaslanan icbari yaş doğrulama üsulları tətbiq ediləcək. İkinci mərhələdə isə 16-18 yaş qrupundakı yeniyetmələr üçün daha çevik, lakin şəffaf nəzarət modeli müəyyən edilir; bu qrupdakı şəxslər platformalarda daxili yoxlama sistemləri vasitəsilə yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin açıq rəqəmsal razılığı alındıqdan sonra hesab yarada biləcəklər”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, İT sahəsi üzrə mütəxəssis Fərid Pərdəşünas da məsələyə münasibət bildirib:
“Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklər sosial şəbəkələr üçün yeni öhdəliklər nəzərdə tutur. Bundan sonra sosial şəbəkələr dövlət orqanlarının sorğularına vaxtında və tam şəkildə cavab verməli olacaq. Əgər platforma tələb olunan məlumatı təqdim etməsə, gecikdirsə və ya yarımçıq, yaxud yanlış məlumat verərsə, böyük məbləğdə cərimələrlə üzləşə bilər. Eyni zamanda sosial şəbəkələr istifadəçilərin yaşını müəyyən etmək üçün texniki doğrulama mexanizmləri tətbiq etməyə məcbur ediləcək. Bu isə o deməkdir ki, istifadəçilərin özlərini yanlış yaşda göstərməsi halları minimuma endirilməlidir və platformalar yaşın düzgünlüyünü yoxlamalıdır. Fikrimcə, yeni yanaşma istifadəçilərdən çox sosial şəbəkə platformalarının məsuliyyətini artırmağa yönəlib və onların Azərbaycandakı fəaliyyətinə hüquqi çərçivə gətirir”.

