Cəmiyyət 

Çayın faydası onu necə içməyimizdən asılıdır?

Müxtəlif elmi araşdırmaların nəticələrinin təhlilinə əsaslanan geniş icmal göstərib ki, çayın sağlamlıq və uzunömürlülük baxımından faydaları onun necə istehlak edilməsindən asılıdır.

Əvvəlki tədqiqatlar çayın iltihabəleyhinə xüsusiyyətləri sayəsində diabet, piylənmə, ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinin qarşısının alınmasına kömək edə biləcəyini ortaya qoymuşdu. Adətən Camellia sinensis bitkisinin yarpaqlarından hazırlanan çayın beyni qoruma potensialına malik olduğu, yaşlı insanlarda isə əzələ itkisini azaltmağa kömək etdiyi müəyyən edilib. Xüsusilə yaşıl çay ürək sağlamlığına müsbət təsiri, qan təzyiqini aşağı salması və xolesterin səviyyəsini yaxşılaşdırması ilə seçilir. Bununla belə, alimlər bildirirlər ki, Çin istehsalı olan ulonq (oolong) çayı, ağ çay, fermentləşdirilmiş çay və ya sarı çayın yaşıl çaydan daha faydalı olub-olmadığını müəyyən etmək üçün hələ kifayət qədər məlumat yoxdur.

Mütəxəssislər hesab edirlər ki, çayın sağlamlığa təsirində onun hansı formada qəbul edilməsi mühüm rol oynayır. Xüsusilə butulkalarda satılan çaylar və son illərdə trend olan “bubble tea” kimi içkilər süni dadlandırıcılar, konservantlar və digər əlavələr ehtiva etdiyindən müəyyən risklər yarada bilər.

Elmi nəşr olan “Beverage Plant Research” jurnalında dərc edilən yeni araşdırmanın nəticələrində çayın tərkibində pestisid qalıqları, ağır metallar və mikroplastiklərin də sağlamlıq üçün risk yarada biləcəyi qeyd olunub. Araşdırmanın müəllifləri bildirirlər ki, bu maddələr adi istehlak səviyyəsində ciddi təhlükə yaratmasa da, uzun müddət və çox miqdarda çay içən insanlar üçün narahatlıq doğura bilər.

Alimlər vurğulayırlar ki, çayın sağlamlıq üçün faydaları aydın şəkildə sübut olunsa da, emal edilmiş çay məhsullarının, xüsusilə butulkalanmış çayların və “bubble tea”nin həddindən artıq istehlakından çəkinmək lazımdır. Tədqiqatda, həmçinin qeyd olunur ki, belə içkilərin tərkibində olan şəkər, süni dadlandırıcılar, rafinə olunmuş nişasta, ətirvericilər və konservantlar çayın faydalı təsirlərini azalda və ya tamamilə kölgədə qoya bilər.

Qeyd etmək lazımdır ki, son illərdə yaşıl çay ekstraktları arıqlamaq məqsədilə geniş istifadə olunsa da, araşdırmada bu əlavələrin qaraciyər toksikliyinə səbəb ola biləcəyini göstərən çoxsaylı hallara diqqət çəkilir. Mütəxəssislərin fikrincə, bu təsir yaşıl çayın tərkibində olan epiqallokatexin qallat (EGCG) maddəsi ilə əlaqədardır. Araşdırma zamanı yüksək dozada EGCG maddəsinin qəbulunun qaraciyər üçün zərərli təsirlər yarada biləcəyi müəyyən edilib. Bununla yanaşı, yaşıl çayın bəzi insanlarda mədə-bağırsaq qıcıqlanmasına səbəb olduğu məlum olsa da, adi şəkildə dəmlənərək içilən çayın insanlarda zəhərli təsir yaratdığı barədə məlumat yoxdur. Bunlarla yanaşı, icmalda, həmçinin qeyd edilir ki, qaynar suda dəmlənən plastik çay paketləri 100 milyondan çox mikroplastik hissəcik buraxa bilər ki, bu da potensial sağlamlıq riskləri yaradır.

Araşdırmanın yekun nəticəsinə görə, ən faydalı seçim ənənəvi üsulla hazırlanmış təzə dəmlənmiş çayın ölçülü şəkildə istehlak edilməsidir. Bu, xüsusilə ürək-damar xəstəlikləri, diabet və bəzi xərçəng növlərinin qarşısının alınmasına müsbət təsir göstərə bilər. Alimlər hesab edirlər ki, gələcək tədqiqatlar çayın sağlamlığa təsirlərini daha ətraflı öyrənməyə və mövcud narahatlıqları daha dəqiq qiymətləndirməyə imkan verəcək.

Şahnigar Əhmədova, “İki sahil”

Daha çox xəbərlər