İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür
Bu gün dünyada Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günü qeyd olunur.
“İki sahil” xəbər verir ki, bu günün qeyd edilməsində məqsəd albinizmlə yaşayan insanların hüquqlarının müdafiəsinə diqqəti artırmaq, onlara qarşı ayrı-seçkiliyin və zorakılığın qarşısının alınmasına töhfə verməkdir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2014-cü ildə qəbul etdiyi qətnaməyə əsasən təsis olunan bu beynəlxalq gün ilk dəfə 2015-ci ildə qeyd edilib.
Bu il Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günü “Dərimlə qürur duyuram: Bütün dəri tonlarını qeyd edirik” şüarı altında keçirilir. Kampaniya albinizmli şəxslərin Günəşdən qoruyucu vasitələrə və dəri xərçənginin profilaktikası üçün tibbi xidmətlərə çıxışının əhəmiyyətini vurğulayır.
Albinizm insan orqanizmində melanin piqmentinin istehsalının azalması və ya olmaması nəticəsində yaranan irsi-genetik xüsusiyyətdir. Bu xüsusiyyətə həm qadınlarda, həm də kişilərdə rast gəlinir və dünyanın bütün etnik qruplarında müşahidə olunur. Albinizmin ən geniş yayılmış forması okulokutan albinizmdir ki, bu da dəriyə, saçlara və gözlərə təsir göstərir. Digər forma isə okulyar albinizmdir və əsasən gözlərdə özünü göstərir.
Albinizmin yayılma coğrafiyası müxtəlif olsa da, Şimali Amerika və Avropada hər 20 min nəfərdən birində albinizmin hansısa formada özünü göstərdiyi təxmin edilir. Bu vəziyyətə Afrikanın Səhra regionundan cənub-şərqdə yerləşən ölkələrdə daha çox rast gəlinir. Burada hər 5000 nəfərdən birində albinizm qeydə alınır.
BMT-nin məlumatına görə, dünyanın müxtəlif bölgələrində albinizmli insanlar hələ də stereotiplər, sosial təcrid, diskriminasiya və zorakılıq halları ilə üzləşirlər. Buna görə də beynəlxalq ictimaiyyət onların təhsil, səhiyyə, məşğulluq və təhlükəsizlik hüquqlarının təmin edilməsinə çağırır.

