Cəmiyyət 

Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu

“Qəbələ və Şəki şəhərləri Azərbaycana səfər edən turistlər üçün Bakıdan sonra ən populyar istiqamətlərdir”.

Musavat.com bildirir ki, bu barədə TASS agentliyinə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) İdarə Heyətinin sədri Tural Musayev məlumat verib.

T.Musayevin sözlərinə görə, bunun əsas səbəblərindən biri həmin şəhərlərdə nəqliyyat imkanlarının əlçatan olması və turizm infrastrukturunun – hotellərin, ictimai iaşə obyektlərinin, istirahət və əyləncə məkanlarının yüksək səviyyədə inkişaf etməsidir.

O bildirib ki, turistlər Qəbələyə əsasən “Tufandağ” dağ-xizək kurortunda istirahət etmək, kanat yolu ilə gəzinti etmək, “Yeddi Gözəl” şəlaləsini ziyarət etmək, dağ mənzərələrindən zövq almaq və Vəndam kəndinə baş çəkmək üçün üz tuturlar.

ATGA rəhbəri qeyd edib ki, Şəki qədim İpək Yolunun mühüm dayanacaq məntəqələrindən biri olub. Burada qədim karvansaralar, məscidlər, məbədlər və sənətkar dükanları bu günədək qorunub saxlanılıb. Şəhərin XVIII əsrə aid Xan Sarayı ilə birlikdə tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Bundan əlavə, Şəki turistlərə məşhur Şəki paxlavasını və ənənəvi piti yeməyini dadmaq imkanı da təqdim edir.

T.Musayevin sözlərinə görə, hər iki şəhər müxtəlif festivalları ilə də turistlərin diqqətini cəlb edir. Qəbələdə hər il Beynəlxalq Musiqi Festivalı keçirilir. Festival çərçivəsində konsertlərin əksəriyyəti dağ və meşə mənzərələri fonunda, açıq havada təşkil olunur. Bundan başqa, şəhərdə məşhur Qəbələ Mürəbbə Festivalı da keçirilir.

Şəkidə isə hər il “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Festival çərçivəsində müxtəlif ölkələrdən gələn folklor kollektivləri öz sənətlərini nümayiş etdirirlər.

Musayev hesab edir ki, yaxın illərdə Naxçıvan da Azərbaycanın ən cəlbedici turizm istiqamətlərindən birinə çevrilə bilər. Onun sözlərinə görə, Quba rayonunda yerləşən və ölkənin ən ucqar, ən yüksək dağ kəndi sayılan Xınalıq, eləcə də İsmayıllı rayonunun İvanovka kəndi də turistlər arasında böyük maraq doğurur.

Daha çox xəbərlər