Səfir: Bakıdakı “Berlin dönəri” üçün darıxacağam
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ölkəmizdəki diplomatik missiyasının başa çatması ilə əlaqədar vida paylaşımı edib.
Musavat.com bildirir ki, səfir paylaşımında səmimi və emosional ifadələrə yer verib.
“Azərbaycanda keçirdiyim dörd ilin sonunda istər-istəməz bir qədər kövrəklik hissi yaranır. Berlində dünyanın ən yaxşı dönəri məni gözləsə də, Bakıdakı “Berlin dönəri” üçün darıxacağam. Bunun yalnız bir həlli var: mən yenidən qayıdacağam. Həm də təkcə dönər üçün yox.
Əlvida, Bakı! Hələlik, özünüzə yaxşı baxın!”, – deyə diplomat qeyd edib.
Ralf Horlemannın Bakı ilə bağlı xoş təəssüratlarını və Azərbaycan paytaxtına bağlılığını ifadə edən fikirləri istifadəçilər tərəfindən rəğbətlə qarşılanıb. Diplomatik fəaliyyət müddətində Azərbaycan-Almaniya münasibətlərinin inkişafına töhfə verən səfir ölkədə qazandığı dostluqları və xatirələri də xüsusi dəyərləndirib.

