Bazar, 28 İyn, 2026

12 ton çətənə, silahlar və axtarışda olan şəxslər – son sutkanın əməliyyat nəticələri

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində cinayətkarlığa qarşı mübarizə istiqamətində növbəti mühüm nəticələr əldə olunub.

Musavat.com xəbər verir ki, polis əməkdaşlarının iyunun 26-da keçirdikləri əməliyyat tədbirləri zamanı dələduzluq cinayətinə görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Bununla yanaşı, keçirilən əməliyyatlar nəticəsində ümumi çəkisi 34,2 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Həmin gün polis əməkdaşları tərəfindən yabanı halda bitmiş, ümumi çəkisi 12,1 ton olan 41 min 622 ədəd çətənə kolu aşkar edilərək məhv olunub. Bu istiqamətdə profilaktik və əməliyyat tədbirlərinin davam etdirildiyi qeyd olunub.

Qanunsuz dövriyyədə olan silah-sursatın aşkarlanması istiqamətində görülən tədbirlər çərçivəsində isə paytaxt və respublikanın müxtəlif rayonlarında 2 avtomat silahı, 2 qumbara, 9 tüfəng, 10 patron darağı və 486 ədəd müxtəlif çaplı patron götürülüb. Nazirlik qanunsuz saxlanılan odlu silah və sursatın aşkarlanaraq dövriyyədən çıxarılması istiqamətində əməliyyat və profilaktik tədbirlərin davam etdirildiyini vurğulayıb.

Eyni zamanda, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi motosiklet və mopedlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə paytaxt ərazisində nəzarət-profilaktik tədbirləri gücləndirib. Tədbirlərin əsas məqsədi bu nəqliyyat vasitələrinin sürücülərini yol hərəkəti qaydalarına əməl etməyə təşviq etmək, həm onların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

Artıq bu tədbirlərin nəticələrindən biri də qeydə alınıb. Belə ki, paytaxtda motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb. Hazırda onun barəsində qanunvericiliyə uyğun hüquqi məsuliyyət tədbirləri görülür.

Daxili İşlər Nazirliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşları qanunvericiliyin tələblərinə əməl etməyə, hüquqpozmaları barədə polisə məlumat verməyə və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.