Pediatrdan valideynlərə dəyişkən hava XƏBƏRDARLIĞI
Dünyada hava şəraiti ilə bağlı ekstremal hadisələrin sayı və miqyası getdikcə artır. Son günlər Avropanın bir sıra ölkələrində müşahidə olunan rekord istilər yüzlərlə insanın həyatına son qoyub, minlərlə insan isə günvurma və digər sağlamlıq problemləri səbəbindən xəstəxanalara müraciət edib. ABŞ-ın müxtəlif ştatlarında güclü leysan yağışları nəticəsində sel və daşqınlar baş verib, Yaponiyada isə zəlzələ təhlükəsi yenidən gündəmə gəlib. İqlim dəyişikliklərinin təsiri ilə dünyanın müxtəlif bölgələrində hava hadisələrinin daha kəskin xarakter alması həm mütəxəssisləri, həm də cəmiyyəti narahat edir.
Azərbaycan və regionda isə tam fərqli mənzərə müşahidə olunur. Yay mövsümünün qızğın çağında temperaturun qəfil enməsi, güclü külək, yağış və sərin hava insanlarda sanki payız fəslinin gəldiyi təəssüratını yaradır. Bir neçə gün əvvəl yüksələn isti hava fonunda temperaturun qısa müddətdə əhəmiyyətli dərəcədə aşağı düşməsi orqanizmin uyğunlaşma mexanizmlərinə əlavə yük salır. Xüsusilə gün ərzində havanın bir neçə dəfə dəyişməsi insanların sağlamlığına təsirsiz ötüşmür.
Mütəxəssislər bildirirlər ki, belə kəskin hava dəyişiklikləri hər kəs üçün eyni dərəcədə təhlükəli olmasa da, bəzi risk qrupları üçün ciddi problemlər yarada bilər. Yaşlı insanlar, ürək-damar və tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkənlər, allergiyası olan şəxslər, eləcə də uşaqlar meteohəssas hesab olunan əsas qruplardır.
Bəs havanın qısa müddətdə dəyişməsi uşaqların sağlamlığına necə təsir edir? Valideynlər belə günlərdə övladlarını necə qorumalı, onların geyimi, qidalanması və açıq havada gəzintisi ilə bağlı hansı qaydalara əməl etməlidirlər?
![]()
Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı Musavat.com-a bildirib ki, meteoroloqlar hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq edərkən tez-tez “meteohəssas insanlar ehtiyatlı olmalıdır” ifadəsini işlədirlər: “Bu o deməkdir ki, insan orqanizmindəki reseptorlar havadakı dəyişiklikləri qəbul edib, ona adekvat reaksiya verməlidir. Yaşlı insanlarda bu reseptorlar zamanla zəiflədiyi üçün orqanizm hava dəyişikliyinə vaxtında və lazımi şəkildə uyğunlaşa bilmir. Uşaqlarda isə bu sistem hələ tam formalaşmadığından onların orqanizminin müqavimət gücü daha zəif olur.
Məsələn, bu gün tam payız havasıdır. Belə günlərdə ilk növbədə uşaqları soyuqdan qorumaq lazımdır. Çünki onlar, xüsusilə də küləklə müşayiət olunan sərin havada, çox tez üşüyə bilirlər. Bundan əlavə, dəyişkən hava şəraiti allergiyası olan uşaqlarda xəstəliyin kəskinləşməsinə səbəb olur. Havanın belə dəyişməsi insanların əhvalına da birbaşa təsir edir, sanki kefi pozur, əsəbləri gərginləşdirir. Uşaqlar onsuz da hərəkətli və emosional olurlar. Bunun üzərinə valideynlərin davamlı qadağaları və havanın yaratdığı narahatlıq da əlavə olunanda, onların sinir sistemi daha çox yüklənir. Eyni zamanda, mədə-bağırsaq və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda da belə hava şəraitində kəskinləşmələr müşahidə olunur”.

Həkim əlavə edib ki, xüsusilə xroniki xəstəlikləri olan uşaqların valideynləri daha diqqətli olmalıdırlar: “Tutaq ki, iki gün əvvəl hava həddindən artıq isti idi. Həmin günün geyiminə aldanaraq uşağı bu gün də eyni şəkildə geyindirib küçəyə və ya parka aparmaq olmaz. Digər tərəfdən, uşağı soyuqdan qorumaq məqsədilə həddindən artıq qalın geyindirmək də düzgün deyil. Bizim cəmiyyətdə soyuqdan bir qədər artıq ehtiyat etmək vərdişi var. Halbuki uşağı hava şəraitinə uyğun geyindirmək kifayətdir. Havanın sərin olmasını bəhanə edib uşağı evdə saxlamaq da düzgün yanaşma deyil. Onları açıq havaya çıxarmaq, gəzdirmək olar və lazımdır. Sadəcə, geyimi düzgün seçilməli və küləkdən qorunmasına diqqət yetirilməlidir”.