Çərşənbə axşamı, 30 İyn, 2026

Azərbaycanda yeni doğulan uşaqların sayı NİYƏ azalır?

Sosioloq: “Bir və ya iki uşağın qayğısını çəkməklə üç, dörd və ya beş uşağın qayğısını çəkmək arasında ciddi fərq var…”

Azərbaycanda demoqrafik göstəricilər narahatlıq doğurmağa başlayıb. Yeni tədris ili üçün aparılan ilkin qeydiyyat nəticələrinə əsasən, bu il birinci sinfə gedəcək uşaqların sayı cəmi 131 min nəfərdir. Bu rəqəm son illərlə müqayisədə ciddi azalmanın davam etdiyini göstərir. Rəsmi məlumatlara görə, Azərbaycanda doğum əmsalı da ildən-ilə azalır. Belə ki, bu ilin ilk iki ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 min 797 körpənin doğumu qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb və əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,7-dən 8,9-a enib.
Bütün bunlar ölkədə demoqrafik vəziyyətlə bağlı ciddi suallar doğurur. Azərbaycanda niyə həm yeni doğulan uşaqların, həm də birinci sinfə qədəm qoyanların sayı sürətlə azalır? Gənc ailələrin az uşaq sahibi olmasının səbəbləri nədir? Bahalaşma, mənzil problemi, miqrasiya, gec evliliklər və dəyişən həyat tərzi bu prosesə necə təsir göstərir? Ən vacib sual isə budur: əgər bu tendensiya davam edərsə, Azərbaycan gələcəkdə hansı problemlərlə üzləşə bilər? Ölkəni işçi qüvvəsi çatışmazlığı, əhalinin qocalması, məktəblərdə şagird sayının azalması, pensiya sisteminə əlavə yük və digər demoqrafik risklər gözləyirmi?
Mail Yaqub: "Boşanmaların bu qədər artması hamımızı narahat etməlidir" - <span class="text-danger">VİDEO</span>

Mövzu ilə bağlı sosiolq Mail Yaqub Musavat.com-a danışıb. Sosioloq qeyd edib ki, bu gün sosioloji baxımdan Azərbaycanın ən ciddi problemlərindən biri əhalinin artım tempinin azalmasıdır: “Təəssüflər olsun ki, son illərdə bu tendensiya daha da güclənib. Yəni əhalinin artım tempinin azalması sürətlənib. Bu isə ciddi narahatlıq doğurur. Nəticədə birinci sinfə gedən uşaqların sayı da azalır. Bu proses davam edərsə, əhalinin sayı da tədricən azalmağa başlayacaq. Hələlik bu gün üçün belə bir vəziyyət yoxdur, amma təxminən 20-30 ildən sonra bunun nəticələrini daha aydın şəkildə görə bilərik. Bu faktdır və bunu heç kim inkar edə bilməz. Rəqəmlər ortadadır, vəziyyət göz qabağındadır. Bəs bunun səbəbləri nədir?”
Sosioloq səbəblərin çoxluq təşkil etdiyini deyib: “Onlardan biri sosial-iqtisadi problemlərlə bağlıdır. Mənzil problemi, dolanışıq çətinlikləri, gənclərin gec ailə qurması, ailə quran gənclərin övlad sahibi olmaq istəməməsi və ya övlad sahibi olanların bir uşaqla kifayətlənməsi bu səbəblər sırasındadır. Bütün bunlar sosial-iqtisadi amillərlə əlaqədardır və problemin əsas səbəblərindən biridir. Amma bununla yanaşı, ikinci bir səbəb də var. Bu səbəb insanların həyata baxışının dəyişməsidir. Əgər biz desək ki, məsələ yalnız sosial-iqtisadi problemlərlə bağlıdır, onda maddi imkanları yüksək olan ailələrdə uşaq sayı ən azı üç və ya daha çox olmalıdır. Eyni zamanda həmin ailələrdə boşanma statistikası da aşağı olmalıdır. Amma reallıqda biz bunu görmürük. Çünki əhalinin artım tempinin azalmasına təsir edən amillərdən biri də Azərbaycanda boşanmaların sayının yüksək olmasıdır. Boşanmaların sayı artır, artım tempi isə azalır. Deməli, məsələ təkcə sosial-iqtisadi problemlərlə bağlı deyil. Sosial-iqtisadi amillər səbəblərdən biridir, amma yeganə səbəb deyil”.
Ölkəmizdə uşaqların sayı niyə azalır?

Mail Yaqubun fikrincə, burada ikinci mühüm amil insanların həyata baxış tərzinin dəyişməsidir: “Bu nə deməkdir? Bu o deməkdir ki, müasir Azərbaycan insanı müəyyən mənada avropalaşır və daha çox individual həyat tərzinə üstünlük verir. İnsanlar öz şəxsi həyatlarına, istirahətlərinə, rahatlıqlarına daha çox zaman ayırmaq istəyirlər. Çoxuşaqlı ailə olmaq isə həm maddi, həm də psixoloji baxımdan daha çox məsuliyyət və qayğı deməkdir. İnsanların bir hissəsi bu yükü daşımaq istəmir. Bir və ya iki uşağın qayğısını çəkməklə üç, dörd və ya beş uşağın qayğısını çəkmək arasında ciddi fərq var. Hətta ailənin maddi imkanları yüksək olsa belə, bir və ya iki uşağa baxmaq psixoloji baxımdan daha rahatdır, nəinki üç, dörd və ya beş uşağa. Yəni insanların həyata baxışı dəyişib. Onlar daha çox öz rifahlarını, şəxsi rahatlıqlarını və psixoloji komfortlarını düşünürlər. Problemin ikinci əsas səbəbi məhz budur”.
Sosioloq həmçinin vurğulayıb ki, bu problem təkcə Azərbaycana aid deyil. Bu gün bir çox Avropa ölkələri eyni problemlə üzləşib: “Rusiya da bu problemi yaşayır. Məsələn, Rusiyada hər il yüz minlərlə insanlıq azalma müşahidə olunur. Bəs nə etmək lazımdır? Bu tendensiyanın qarşısını almaq lazımdır. Çünki bunun ciddi fəsadları var. İlk növbədə əhalinin qocalması baş verir. Pensiya yaşına çatmış insanların sayı artır. Nəticədə dövlət büdcəsinə düşən yük çoxalır. Eyni zamanda əmək bazarında işçi qüvvəsi çatışmazlığı yaranır. Gələcəkdə ölkənin müdafiə qabiliyyəti də müəyyən problemlərlə üzləşə bilər. Əhalinin sayı hər bir dövlət üçün strateji əhəmiyyət daşıyan məsələdir. Buna görə də bu problemə mütləq şəkildə çarə tapılmalıdır. Necə? Birinci növbədə sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımlar atılmalıdır.
İkinci olaraq, çoxuşaqlı ailə anlayışına yenidən baxmaq lazımdır. Hazırda çoxuşaqlı ailə kriteriyası beş uşaq hesab olunur. Bu meyar üç uşağa endirilə bilər və üç uşaqlı ailələr üçün ciddi sosial güzəştlər tətbiq oluna bilər. Burada söhbət formal deyil, həqiqətən əhəmiyyətli və hiss olunan güzəştlərdən gedir.
Digər vacib məsələ uşaq pullarının bərpa olunmasıdır. Bu da ailələrin sosial yükünün azaldılmasına kömək edə bilər. Bundan əlavə, ailə institutunun əhəmiyyəti, çoxuşaqlı ailənin dəyəri və cəmiyyət üçün əhəmiyyəti barədə maarifləndirmə işləri aparılmalıdır. Bu istiqamətdə psixoloji təlimlər, ictimai kampaniyalar və maarifləndirici proqramlar davamlı şəkildə həyata keçirilməlidir”.