“Arzum“un qəzasında ölən Amal kim idi? – Toyundan bir il sonra…
Məhkəmə hökmündən sonra sosial şəbəkələrdə hadisə ilə bağlı müzakirələr yenidən intensivləşib. Müzakirələrin fonunda qəza zamanı həyatını itirən Amal Məlikovun kimliyi və həyatı ilə bağlı müxtəlif məlumatlar paylaşılır.
Araşdırmalar zamanı məlum olub ki, Amal Məlikov 2024-cü ildə Sənubər Muradova ilə ailə qurub. Cütlük nikahdan sonra tez-tez birlikdə xarici ölkələrə səyahət edib və həmin səfərlərdən görüntüləri sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüb.
Sosial şəbəkələrdə yayılan iddialara görə, Amal avtomobillərə böyük maraq göstərib, yüksək sürətlə idarəetməni sevib və bu mövzuda müxtəlif videolar paylaşıb. Onun “TikTok” hesabında avtomobillərlə bağlı çoxsaylı görüntülər yer alıb. Lakin hazırda həmin hesab aktiv deyil.
Xatırladaq ki, qəza 2025-ci ilin iyununda Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Hadisə zamanı Amal Məlikovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə 29 yaşlı sürücü aldığı xəsarətlərdən vəfat edib, avtomobildə olan həyat yoldaşı Sənubər Muradova isə müxtəlif bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı aparılan istintaq və məhkəmə araşdırması nəticəsində “Arzum” ləqəbli bloger İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə törədilmiş cinayətin ağır nəticələri, eləcə də zərərçəkmiş tərəflə barışığın əldə olunmaması nəzərə alınıb./yenisabah/
