Cümə axşamı, 02 İyl, 2026

Niyə Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən sayılır? – Cavab polisdir

İyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunur. Bu tarix dövlətçiliyin, ictimai sabitliyin və vətəndaş təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Azərbaycan polisinin şərəfli xidmət yoluna nəzər salmaq üçün əlamətdar gündür. Müstəqillik illərində həyata keçirilən islahatlar nəticəsində daxili işlər orqanlarının fəaliyyəti müasir çağırışlara uyğun təkmilləşdirilib, cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və qanunun aliliyinin təmin edilməsi istiqamətində mühüm nəticələr əldə olunub.

Bu gün Azərbaycan polisi təkcə hüquq pozuntularının qarşısını alan qurum deyil, həm də dövlətin təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısıdır. İstər gündəlik xidmətdə, istər fövqəladə hallarda, istərsə də ölkənin üzləşdiyi təhlükəsizlik çağırışları zamanı polis əməkdaşları peşəkarlıq və fədakarlıq nümayiş etdirirlər. Son illərdə kriminal vəziyyətin tam nəzarətdə saxlanılması, ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin olunması və müasir texnologiyaların tətbiqi bu fəaliyyətin real nəticələridir.

Azərbaycan polisi və Daxili Qoşunların şəxsi heyəti Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında da ön cəbhədə döyüşərək ölkənin ərazi bütövlüyünün bərpasına mühüm töhfə verib. Şəhid olan, yaralanan və yüksək dövlət təltiflərinə layiq görülən polis əməkdaşlarının qəhrəmanlığı bu şərəfli xidmət tarixinin ayrılmaz hissəsidir. Bununla yanaşı, pandemiya dövründə, təbii fəlakətlər zamanı və digər fövqəladə hallarda da polis əməkdaşları gecə-gündüz xidmət apararaq vətəndaşların təhlükəsizliyinin keşiyində dayanıb.

polis.jpeg (97 KB)

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarının maddi-texniki bazası gücləndirilir, müasir idarəetmə sistemləri tətbiq olunur, əməkdaşların sosial müdafiəsi və peşə hazırlığı daim təkmilləşdirilir. Bütün bunlar Azərbaycan polisinin xalqın etimadını qazanan, dövlətin və cəmiyyətin etibarlı dayaqlarından biri kimi fəaliyyətini daha da möhkəmləndirir.

Millət vəkili Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan polisinin əsas funksiyası ölkədə ictimai asayişi qorumaq və təhlükəsizliyi təmin etməkdir. Ancaq bu gün Azərbaycan polisi bundan daha geniş və mühüm funksiyalar həyata keçirir:

”Azərbaycan polisi artıq müharibə dövründə ön cəbhədə Vətəni müdafiə edən şanlı qüvvələrdən biri kimi də tanınır. Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə ən mühüm funksiyanı yerinə yetirir. Polis əməkdaşları Vətən torpaqları uğrunda canlarından keçir, şəhidlik zirvəsinə yüksəlirlər. Bütün bunlar Azərbaycan vətəndaşında “Polis məni qoruyur” düşüncəsini formalaşdırır.

Hazırkı mərhələdə polisin rolu həm real ictimai münasibətlərdə, həm də virtual məkanda böyük əhəmiyyət daşıyır. Əgər əvvəl polis əsasən cinayətkarlığa qarşı mübarizə aparırdısa, bu gün kibercinayətkarlığa qarşı da fəal mübarizə aparır. Eyni zamanda sosial şəbəkələrdə milli, mənəvi və əxlaqi dəyərlərimizə zərər vuran, cəmiyyətdə mənəvi terror yaradan və hüquqi məsuliyyət doğuran halların qarşısının alınması istiqamətində də mühüm fəaliyyət göstərir. Bu gün Azərbaycan polisi Vətənin keşiyində dayanan qüvvə kimi ictimai şüurda daha da möhkəmlənib.

Düşünürəm ki, bütün bunlar Azərbaycan polisi ilə hər bir vətəndaşın qürur duyması üçün ciddi əsaslar yaradıb. Polis eyni zamanda virtual müharibədə də Azərbaycanın vətəndaşının və dövlətinin keşiyində dayanır”.

polis 1.jpg (93 KB)

Deputat qeyd edir ki, polis narkotiklərlə mübarizədə də Azərbaycan cəmiyyətinin qəhrəmanlarından biridir: “Bu gün Azərbaycana qarşı aparılan elan olunmamış təhlükələrdən biri də narkotik bəlasıdır. Demək olar ki, hər gün müxtəlif informasiya vasitələrində Azərbaycan polisinin narkotik dövriyyəsinə qarşı qətiyyətli əməliyyatlarının şahidi oluruq. Bu, Azərbaycan gəncliyinin, xalqımızın genofondunun qorunması, sağlam gələcəyin təmin olunması deməkdir. Hesab edirəm ki, Azərbaycan polisi bu sahədə də vətəndaşlarımızın təhlükəsizliyini yüksək səviyyədə təmin edir.

Əlbəttə ki, bu gün cinayətkarlığın yeni üsulları və yeni təzahür formaları meydana çıxır. Buna uyğun olaraq yeni mübarizə metodlarının da formalaşdırılması zəruridir. Məsələn, kibercinayətkarlıqla mübarizə aparmaq üçün cinayətkarların virtual məkana nə qədər bələd olması vacibdirsə, polis əməkdaşlarının da bu sahədə onlardan geri qalmaması, hətta daha hazırlıqlı olması zəruridir. Bu baxımdan Azərbaycan polisinin sürətlə müasirləşməsinin, kadr potensialının yenilənməsinin şahidi oluruq. Nəticədə bu gün özümüzü ictimai sabitliyin və təhlükəsizliyin təmin olunduğu bir ölkədə hiss edirik.

Bu vəziyyət ölkəmizə gələn turistlərin və xarici qonaqların da diqqətindən yayınmır. Hətta inkişaf etmiş və dost ölkələrdən gələn qonaqlar da xüsusi vurğulayırlar ki, sutkanın istənilən vaxtında Azərbaycanın istənilən bölgəsində təhlükəsiz şəkildə hərəkət etmək mümkündür. Bu, qürurverici haldır və bunda Azərbaycan polisinin böyük əməyi var.

Bu gün onların peşə bayramıdır. Mən 108 illik şərəfli yol keçmiş Azərbaycan polisinin bütün əməkdaşlarını Polis Günü münasibətilə ürəkdən təbrik edir, onlara xidmətlərində uğurlar arzulayıram”.