Cəmiyyət 

Qadınlara qarşı zorakılıq Azərbaycana 764 milyon dollara başa gələ bilər – BMT

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi zorakılığın müxtəlif formalarına məruz qalma təhlükəsi ilə üz-üzə olan qadın və qızların müdafiəsi və bu cür zorakılıq hadisələrinin törədilməsində təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar aidiyyəti tərəfləri birgə fəaliyyətə çağırır.

ARANTV.AZ  bildirir ki, BMT-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, qadın və qızlara qarşı zorakılıq fərdlərə, ailələrə, cəmiyyətlərə və bütövlükdə ölkəyə ciddi sosial və iqtisadi zərbə vurur:

“BMT-nin apardığı tədqiqat müəyyən edib ki, qadınlara qarşı zorakılıq Azərbaycana 764 milyon ABŞ dollarına başa gələ bilər ki, bu da ölkə ÜDM-nin 2%-nə bərabərdir. Buraya bərpası mümkün olmayan insan itkiləri, fəaliyyət qabiliyyətsizliyi, əlillik, zorakılığa məruz qalmış şəxslərin əmək qabiliyyətinin azalması, eləcə də zorakılığa cavab tədbirlərinə çəkilən xərclərlə bağlı olan iqtisadi itkilər daxildir. Biz bu problemin həlli üçün Azərbaycan Hökumətinin göstərdiyi siyasi iradə və əzminə bələdik, lakin bununla bağlı daha çox iş görülməlidir”.

BMT hesab edir ki, Azərbaycan Hökuməti təcili olaraq Avropa Şurasının İstanbul Konvensiyasını ratifikasiya etməlidir. Bu Konvensiya beynəlxalq standartlara uyğun olaraq zorakılığın yayılma miqyasına dair araşdırma, zorakılıq riskinə məruz qalanların daha yaxşı qorunması, zorakılıqdan zərərçəkmişlər üçün xüsusi xidmətlər və cinayətkarların məsuliyyətə cəlb olunması kimi tədbirləri nizamlayır.

Zorakılıqdan zərərçəkmişlərin müdafiəsi və dəstəklənməsi üzrə praktiki tədbirlərə, o cümlədən əlçatan və münasib əlaqələndirilmiş yönləndirmə və yardım xidmətlərinə qoyulan sərmayənin həcmini artırmaq lazımdır.

Daha çox xəbərlər