Siyasət 

Milli-mənəvi dəyərlərimizin qoruyucusu olan örnək ünvan

Sokratın  çoxumuza tanış olan məşhur bir kəlamı var: “Danış, deyim sən kimsən”.

Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları mənim üçün təkcə jurnalist peşəsindən irəli gələn vəzifə baxımından dövlət başçısının fikirləri barəsində məlumatlı olmaqla yekunlaşmayıb,  həm də onun xarakterinin ən incə cizgilərini  öyrənmək üçün əsas baza rolunu oynayır. Ölkə başçısının müxtəlif beynəlxalq əhəmiyyətli, eləcə də respublikada keçirilən tədbirlərdə, mərasimlərdə səsləndirdiyi fikirlər, verdiyi bəyanatlar Sokratın təbiri ilə desək, böyük anlamda Prezidentin kimliyi haqqında zəngin təəssürat yaradır.

Bu məqalə  Prezidentin siyasət, iqtisadiyyat, mədəniyyət və ya hərblə bağlı fikirləri haqqında ənənəvi, rəsmi  publisistik üslubu əks etdirmək niyyəti ilə qələmə alınmayıb.

İndiki yazıda  bu gün- dekabrın 24-də ömrünün 58-ci  ilini  qeyd edən görkəmli ictimai-siyasi xadim,  xalqımızın lideri, özünün məşhur kəlamı ilə vurğulasaq – hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevin tamam başqa bir məziyyətindən və əslində hər bir kişinin xarakterinin aliliyindən xəbər verən, mənəvi keyfiyyətinin ən mühüm göstəricilərindən biri olan – qadına verdiyi dəyərdən, ona münasibətindən söz açmaq istərdim.

Təsadüfdənmi, qanunauyğunluqdanmı, Prezidentin doğum günü ilə evlilik ildönümü də bir-birinə yaxın tarixlərdə yan – yana gəlir.  Dekabrın 22-də Prezident İlham Əliyevlə Mehriban xanım Əliyeva evliliklərinin 36-cı ildönümlərini qeyd etdilər. Aradan keçən uzun onillər onların arasındakı məhəbbətin möhkəmlənməsinə və hər bir azərbaycanlı üçün örnək ailə modeli kimi formalaşmasına gətirib çıxarıb.

Sırf qadın nöqteyi-nəzərindən, bir az da subyektiv rakursdan yanaşsaq,  düşünürəm ki, Prezidentlə xanımının bir qərinəni adlamış sevgisi və örnək ailə modelinin belə möhkəm olmasının bir səbəbi də Mehriban xanım Əliyevanın ali qadınlıq keyfiyyətləri ilə yanaşı, həm də Prezident İlham Əliyevin əsl Azərbaycan kişisinə xas mərdanəlik cizgilərinin birgə vəhdəti ilə bu qədər mükəmməl tandem yarada bilməsindədir. Uzun  illərdir davam edən bu sevgi hekayəti, bu nümunəvi ailə modeli  hamımızın beyninə yeridilən “sevginin ömrü az olur, ailə sevgini öldürür” klişesini  tamamilə təkzib edən bir faktdır. Birincilərin birincilik faktı…

Dövlət başçısının həm də ailə başçısı olaraq xarakterinin məhz vurğuladığım mərdanəlik nüansı isə Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyevin yaddaqalan çıxışında qadınlara münasibətlə bağlı səsləndirdiyi  bir neçə cümlə ilə yaddaşımı uzun müddətə zəbt etdi. Prezident həmin çıxışında vurğuladı ki, gender bərabərliyi var, biz də bunu qəbul edirik: “Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları”.

Məhz bu cümlələr siyasi lider olan  Prezident İlham Əliyevin həm də qoruyucu, sahiblənici və dəstəkləyici əsl kişilik keyfiyyətlərinin daşıyıcısı olan mərd Azərbaycan kişisi olduğunu bir daha təsdiqlədi. Çıxışın bu məqamında mən uzun illərdir Azərbaycanın qüdrətlənməsi yolunda çalışan, səylərini əsirgəməyən görkəmli siyasi liderin həm də güclü mənəvi bir lider olmasının sirrini özlüyümdə çözdüm. Bu sirrin açması bəsit olduğu qədər də ali idi: Qadını məsuliyyətlə  qoruyaraq ona  yüksək dəyər vermək! Bu, əsl kişilik keyfiyyəti olmaqla yanaşı, həm də ailənin qorunması timsalında bütövlükdə cəmiyyətin də qorunması deməkdir. Prezident yaxşı bilir ki, Azərbaycan qadını nə qədər güclü, bacarıqlı və ağıllıdırsa, bir o qədər də zərifdir, sözün bütün mənalarında qorunmağa və sevilməyə layiq varlıqdır. Çünki qadın həm də sevdiyi kişi tərəfindən qorunanda daha da güclü olur, özünü daha  xoşbəxt və tam  hiss edir.

İndilikdə bu yazı üçün bütün digər aspektlərini  kənara qoyaraq məhz qadına münasibət rakursundan yanaşdıqda, Azərbaycan Prezidentinin hər bir çıxışı, hərəkəti, davranışı, jesti  və atdığı addımları  bu gün gender bərabərliyini müdafiə etmək adı ilə qadını zəriflikdən çıxarıb onu problemlərin qarşısında yalnız qoyan, sahiblənmə və qoruma hissindən məhrum məsuliyyətsiz “kişilərə” verilən dərsdir. İbrət götürə bilsələr…

Prezident İlham Əliyev hər bir addımı ilə qadını öz dəstəkçisi kimi görməklə ona necə yüksək dəyər verdiyini sübut edir, amma eyni zamanda da qadını müdafiə edib qorumağın hər bir kişinin mühüm  vəzifəsi olduğunu sözügedən mərasimdəki qiymətli fikirlərinin timsalında bir daha cəmiyyətə çatdırır.

Ölkənin siyasi, iqtisadi, hərbi, mədəni, sosial həyatında inqilabi islahatlar müəllifinin, eyni zamanda, həm aid olduğu genetikanın, həm də mənsub olduğu xalqın ən mühüm insani və kişilik keyfiyyətlərinin də daşıyıcısı olması Azərbaycan Prezidentinin mənəvi dünyasının zənginliyindən, şəxsiyyət portretinin dolğunluğundan xəbər verir.

Hər bir azərbaycanlının Prezidentinin sadaladığımız və sadalanmamış bütün ali insani məziyyətlərini qürurla təqdir edərək  qarşıdan gələn doğum gününü təbrik edir, bundan sonra da sağlam, uzun və  sevgi dolu onillər arzulayırıq.   Çünki  Prezident İlham Əliyev şəxsiyyəti  ölkəmizin bundan sonra daha da qüdrətlənməsi ilə yanaşı, gənc nəsillərə də qadına, ailəyə, övlada münasibət baxımından  və bütövlükdə yüzillərdən gələn milli-mənəvi dəyərlərimizin qoruyucusu olan örnək ünvandır. Dekabrın 24-də xalqımızın ürəkdən gələn sevgi dolu səmimi doğum günü təbrikləri və  gur alqışları da məhz bu ünvana yönəlir…

Sevinc Abdullayeva, “İki sahil”

Daha çox xəbərlər