Siyasət 

Xalqın etimadını doğruldan Lider

Cari ilin 11 ayının sosial-iqtisadi yekunları onu deməyə imkan verir ki, ölkə iqtisadiyyatı inkişaf yolundadır. Xüsusilə də qeyri-neft sektorundakı artım tempi bu sahənin inkişafı istiqamətində həyata keçirilən siyasətin uğurlu olmasından xəbər verir.

Qeyd etdiklərimizi rəqəmlərlə əsaslandırsaq, ilk növbədə, onu vurğulamalıyıq ki, 11 ayda ölkə iqtisadiyyatına 12 milyard 786,9 milyon manat  sərmayə qoyulub. Bu vəsaitin 67,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 65,7 faizi məhsul istehsalı sahələrinə, 24,9 faizi xidmət sahələrinə, 9,4 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,5 faizini təşkil edib.

Eyni zamanda, 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 72 milyard 852,2 milyon manat təşkil edib.İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artıb.Əhalinin hər nəfərinə düşən ÜDM 7357,8 manata bərabər olub.

Konkret sahələrdən bəhs etsək, bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,5 faiz, sənayedə 1,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3,3 faiz artım qeydə alınıb.

Sadalanan sahələrdə əldə olunmuş nailiyyətlər ölkəmizin xarici ticarət əlaqələrində də özünü büruzə verib. Belə ki,  2019-cu ilin yanvar-oktyabr aylarında ölkəmizin hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 180 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 27 milyard 436,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15 milyard 981,4 milyon dollar, idxalın dəyəri 11 milyard 455,3 milyon dollar təşkil edib, nəticədə 4 milyard 526,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Bununla da 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,4 faiz, real ifadədə isə 1,3 faiz artıb. Bu dövr ərzində ölkədən 1 milyard 572,9 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 11,3 faiz çoxdur.

Nəticə etibarilə əlverişli beynəlxalq konyunktur və qeyri-neft sektorunun ixrac potensialının yüksəlməsi xarici ticarət balansında iri həcmli profisiti qorumağa imkan verir. Son bir ayda neftin dünya qiyməti yenidən artmağa meyil göstərib. 11 ay üzrə “Brent” markalı neftin 1 barelinin orta qiyməti 64,1 ABŞ dollar təşkil edib. Bu, 2018-ci il üzrə orta qiymətdən (72 ABŞ dolları) aşağı olsa da ticarət balansının əhəmiyyətli profisitini təmin edib.

Bu da öz növbəsində profisitli tədiyə balansını dəstəkləyən amil olmaqla ölkənin strateji valyuta ehtiyatlarının ilin əvvəlindən 12,7 faiz və ya 5,7 milyard dollar artaraq 50,4 milyard dollara çatmasıma imkan verib.

Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir. Hətta bu ilin əvvəlindən başlayaraq həyata keçirilən sosial tədbirlərə baxmayaraq manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə formalaşmasını şərtləndirir. Nəticədə bu ilin 11 ayında 2,6 faizlik inflyasiya qeydə alınıb ki, bu da hazırkı vəziyyətdə aşağı göstərici hesab edilir.

Aşağı səviyyədə olan inflyasiya göstərici isə Mərkəzi Banka uçot dərəcəsini cari ildə 5,25 bənd azaldaraq 7,5 faizə qədər endirməyə imkan verib. Bu da iqtisadiyyatda canlanma, kredit aktivliyinin artmasına xidmət edir.

Məlum olan isə həm də odur ki, iqtisadiyyatdakı müsbət dinamikadan yaranan sabitlik böhran dövründəkı dollarlaşmanı da arxada qoymaqdadır. Hazırda  uçot dərəcəsinin enməsinin  depozit faizlərinə azaldıcı təsirlərinə baxmayaraq fiziki şəxslərin manat əmanətlərinin 2019-cu ilin 11 ayında 26,9 faiz artması milli valyutada yığımların cəlbediciliyini göstərir. Həmçinin fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2016-cı ildə pik nöqtədəki 85 faizdən, o cümlədən  ilin əvvəlindəki 62,5 faizdən noyabr ayında 54,1 faizə enib. Həmçinin ilin əvvəlindən kredit qoyuluşları (banklar və bank olmayan kredit təşkilatları daxil olmaqla) 16,1 faiz, o cümlədən, ev təsərrüfatlarına verilmiş kreditlər 21 faiz, hüquqi şəxslərə kreditlər isə 11,6 faiz artıb.

Bundan başqa, ölkədə “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətində görülən işlərin miqyası da genişləndirilir. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 2019-cu ildə Dövlət Gömrük Komitəsi üçün qanunla təsdiqlənmiş 3 milyard 702 milyon manat büdcə öhdəliyinə qarşı 11 ay ərzində 4 milyard 6 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoza 611 milyon 610 min manat və ya 118,02 faiz, ötən ilin faktiki göstəricilərinə nisbətdə 753 milyon 300 min manat və ya 23,2 faiz büdcəyə artıq ödəmələr həyata keçirilib.

Bütövlükdə, söhbət ondan gedir ki, bu gün ömrünün 58-ci ilini arxada qoyan,  16 ildən çoxdur ki, ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev cari ildən etibarən Azərbaycandakı islahatların yeni mərhələsinin əsasını qoyub və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.

Prezident İlham Əliyev hələ fevral ayında “Real” televiziyasına müsahibəsində bildirmişdi ki,  2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır: “Yəni bugünkü reallıqlar, dünyada baş verən və bölgəmizdə yaşanan hadisələr diktə edir ki, biz daha səmərəli iş aparmalıyıq və şəffaflıq əsas prinsip olmalıdır. Deyə bilərəm ki, keçən il hazırlanan və bu il başlanan, xüsusilə iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində aparılan islahatlar imkan verir ki, biz əlavə maliyyə resursları əldə edək”.

Nəticədə nəinki regionda, hətta dünyanın inkişaf  etmiş ölkələrində belə rast gəlinməyən və 4,2 milyon insanı əhatə edən iki “sosial paket”in reallaşdırılması inqilabi xarakter daşımaqla, ölkə rəhbərliyinin sosial siyasətinin təzahürünə çevrildi.

Ancaq o da məlumdur ki, bu maliyyə resurslarını müxtəlif istiqamətlərə, o cümlədən ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına da yönəltmək olardı. Lakin Prezident İlham Əliyev bununla da güclü sosial siyasətin islahatlar gündəliyində öncül məsələlərdən olmasına bir daha aydınlıq gətirməklə həyata keçirdiyi sosial-iqtisadi siyasətin insan amilinə əsaslandığını növbəti dəfə sübut etmiş oldu.

Bu fikir özü-özlüyündə bir daha onu nümayiş etdirir ki, ölkə iqtisadiyyatının inkişafı vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial problemlərinin həllinin qarantıdır və ölkə başçısının yürütdüyü siyasət də bunu bir daha sübut edir.

Ölkədə keçirilən prezident seçkiləri, həmçinin müxtəlif rəy sorğularının nəticələri də öz növbəsində onu deməyə əsas verir ki, cənab İlham Əliyevin həyata keçirdiyi siyasət əhalinin etimadını doğruldur və rəğbətini qazanır. Bu mənada Azərbaycan xalqı ölkə başçısını həm də özünün lideri olaraq görür və dəstəkləyir.

Ceyhun Piriyev, “İki sahil”

Daha çox xəbərlər