Siyasət 

Dilimizin saflığının qorunması dövlət siyasətinin əsasıdır

Ölkə Prezidenti İlham Əliyevin son 16 ildə imzaladığı sənədlər bir daha bu reallığı təsdiq edir

Tarix sübut edir ki, dil ağlın, şəxsin, millətin güzgüsü olmaqla, tanınmış dahilərə, yazarlara yaşam haqqı verən mənəvi pasportdur. Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən, “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir” söyləyən ulu öndər Heydər Əliyev bildirirdi ki,  xalqımızın milliliyini,  mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir. Ümummilli Lider onu da bildirirdi ki, öz ana dilini bilməyən adamlar şikəst adamlardır: “Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir”. Ulu Öndər dilimizin saflığının qorunmasında xüsusi xidmətlləri olan yazıçı-dramaturq M. F. Axundzadə və yazıçı, dövlət və siyasi xadim N.Nərimanovu Azərbaycan dilinin əvəzsiz tədqiqatçıları adlandırırdı. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri ilə milli varlığımızın ifadəsi olan Azərbaycan dilinə məhəbbətini ifadə edən Ulu Öndər respublikaya rəhbərliyinin bütün dövrlərində Azərbaycan dilinə çox qayğı ilə yanaşmış, onun saflığı, yad təsirlərdən qorunması üçün səylərini əsirgəməmişdir.

Ümummilli lider Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət və qayğısını eyni məsuliyyətlə davam etdirən Prezident İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi.  Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektrondaşıyıcıları və internet vasitəsilə yayılması, latın qrafikasında “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” yaradılması qarşıya məqsəd kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, “Elektron hökumət”, “Elektron dərslik”, “Elektron kitabxana” terminləri yarandı və bu sahədə önəmli uğurlar əldə olundu. “Azərbaycan Milli  Ensiklopediyanın nəşri haqqında” Sərəncam imzalandı.

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbulunda da məqsəd Azərbaycan dilinin istifadəsinə dövlət qayğısının artırılması, dilçilik araşdırılmalarını əsaslı surətdə yaxşılaşdırmaqla fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcıq səylərinin birləşdirilməsini, cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.  Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dil normalarına ciddi surətdə əməl edilməsi kimi digər məsələlərdə günün tələbi olaraq qalmaqdadır.

Qeyd olunanlar Prezident İlham Əliyevin ana dilinin inkişafına qayğısının az bir hissəsidir. Prezident İlham Əliyevin imzaladığı  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanda da ana dilimizin qorunması üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapır. Ölkəmizdə dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın hazırlanması başlıca vəzifə kimi qarşıya qoyuldu. Nəzərdə tutulan hər tədbir, islahat özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı formatı ilə fərqlənən Azərbaycan dilinin qorunmasına xidmət edəcək.

Mənsumə Babayeva, “İki sahil”

Daha çox xəbərlər