Çoxlu-çoxlu qucaqlaşın
İnsanların daha çox soyuqqanlı, qapalı və xudbinliyə meyilli olduğu bir dövrdə qucaqlaşmaq bizə hamımızın canlı olduğumuzu, sevib-sevilmək istədiyimizi, dərin bağlılığa ehtiyac duyduğumuzu xatırladan yeganə şeydir.
Özünüzü tükənmiş hiss etdiyinizdə, gündəlik problemlərdən yorulduğunuzda, qəmgin olduğunuzda bəzən bircə qucaqlaşma sizin üçün hər şey ola bilər.
Psixiatr və psixoterapevtlər hesab edirlər ki, hər gün sıx-sıx qucaqlaşmaqla insanlar bu prosesin müalicəvi gücündən, sağlamlıq və immunitet üçün olan faydasından yararlana bilərlər.
Xoşbəxtlik və inam haqqında tibbi araşdırmaları nəzərə alaraq, türkiyəli psixiatr Ridvan Üney bildirir ki, yalnızlıq və individuallığın önə çəkildiyi indiki zəmanədə “Biz nə üçün xoşbəxt deyilik?”, “Nəyi səhv edirik?” suallarına cavab axtarıb tapmaq daha vacib məsələyə çevrilib. O, qeyd edir ki, bu sualların elmi baxımdan cavabı oksitosindir.
Oksitosin sevgi hormonu hesab edilir, beyində hipofiz vəzləri tərəfindən ifraz olunur. Bu hormon qadın və kişilərdə reproduktiv funksiyaların yerinə yetirilməsinə kömək edir.
Oksitosin insanlar arasında sədaqət, güvən bağlarının qurulmasında, sevgi, anlayış hisslərinin yaranmasında və narahatçılığın aradan qaldırılmasında, sosiallaşmada böyük rol oynayır.
Onun əksikliyi təkəbbür, etibarsızlıq, cəmiyyətdən uzaqlaşma və bir sıra psixoloji pozuntulara səbəb olmaqla yanaşı, insanın yalana meylini də artırır.
Oksitosin ifrazını artırmağın ən asan yolu qucaqlaşmaqdır. Bəzən insanlar gündəlik həyatın qayğılarından, mübahisələrdən, iqtisadi problemlərdən, stressdən, yorğunluqdan qucaqlaşmağa həvəs və vaxt tapmırlar.
Qucaqlaşmağın insan üçün elmi cəhətdən saymaqla bitməyən faydaları vardır:
Bu xoşbəxt olmağın ən asan və cəld üsuludur.
İnsan özünü daha təhlükəsiz hiss edir və çətinliklərin öhdəsindən daha asan gəlir.
İnsanların özünə inamını artırır.
Qucaqlaşmaq ünsiyyətin ən gözəl üsuludur, anlaşmanı asanlaşdırır.
Narahatçılığı götürür, sakitləşdirir.
Sosiallığı artırır, cəmiyyət içərisində daha rahat olmağımıza şərait yaradır.
Streslə mübarizədə böyük rolu var.
Gecə daha rahat yatmağımıza və yeni günə daha gümrah başlamağımıza səbəb olur.
Dostlarımıza, həyat yoldaşımıza və uşaqlarımıza sədaqəti artırır.
Qucaqlaşmaq rahat hamiləliyin açarıdır, həmçinin doğuşdan sonrakı depressiyanın öhdəsindən gəlməkdə faydalıdır və ana südünü artırır.
Ağrını azaldır, kədərin öhdəsindən gəlməyə kömək edir.
Nubar Süleymanova, “İki sahil”

