Gündəm 

İlin sonunadək Rusiyaya yeni ixrac missiyalarının təşkili planlaşdırılır

ARANTV.AZ xəbər verir ki, “Made in Azerbaijan” brendi ilə məhsularımızın xaricdə nümayişi və ixrac imkanları genişlənir. İlin sonunadək Rusiyaya yeni ixrac missiyaları təşkil olunacaq. Azərbaycanın 30-dan çox şirkətinin məhsulları sentyabrda qonşu ölkədə keçiriləcək “Worldfood Moscow” sərgisində vahid ölkə stendində nümayiş etdiriləcək. 2017-ci ildə olduğu kimi, bu il də Azərbaycan “Worldfood Moscow” sərgisinin eksklüziv tərəfdaşıdır. Bu tədbirlər çərçivəsində artıq ölkəmizin kənd təsərrüfatı və emalı məhsullarının Rusiyaya ixracına dair müqavilələr bağlanılıb və həmin razılaşmalar üzrə ixrac davam etdirilir. Əgər ötən il Rusiyaya meyvə ixracı 20,9 faiz, tərəvəz ixracı isə 58,4 faiz artmışdırsa, bu ildə də artım müşahidə olunur. İlin birinci yarısında meyvə ixracında 70,6 faiz, tərəvəz ixracında isə 10,3 faiz artıma nail olunub. Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyinin məhz Rusiyada yaradılması da iqtisadi-ticarət əlaqələrinin inkişafına verilən əhəmiyyətin göstəricisidir. İlin sonunadək isə Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda açılan “Azərbaycan İş Mərkəz”ində çay və şərab evləri fəaliyyətə başlayacaq. Həmçinin Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan Ticarət Evinin, Moskva və Sankt-Peterburq şəhərlərində isə Azərbaycan Şərab evlərinin açılması planlaşdırılır.

Daha çox xəbərlər