Azərbaycanla Gürcüstan arasında münasibətlərin daha da dərinləşməsi üçün birgə fəaliyyət planı hazırlanır
ARANTV.AZ xəbər verir ki, Azərbaycanla Gürcüstan arasında münasibətlərin daha da dərinləşməsi üçün birgə fəaliyyət planı hazırlanır. Gürcüstanın Baş naziri Mamuka Baxtadze hökumətin yüksək səviyyəli iclasında belə deyib.
“Bizə yaxın qonşu və dost ölkə olan Azərbaycana səfərim çox məhsuldar və hər iki tərəf üçün çox mühüm bir səfər oldu”. Bu fikri Gürcüstanın Baş naziri Mamuka Baxtadze səsləndirib. Bildirib ki, Bakıda birgə iqtisadi layihələr müzakirə edilib. “Ölkələrimiz arasında azad ticarət əlaqələri var. Azərbaycanla azad ticarət rejimini genişləndirmək və xidmət sahəsində münasibətləri dərinləşdirmək bizim üçün vacibdir” deyən baş nazir vurğulayıb ki, hər iki tərəf ticarət dövriyyəsini yaxın iki il ərzində 50-60 faiz artırmağı qarşıya məqsəd qoyub. Bu fakt ticarət dövriyyəsinin daha da genişləndirilməsinə yeni stimul verəcək. Mamuka Baxtadze yeni regional layihələrin, o cümlədən enerji sektoruna aid layihələrin bundan sonra da fəal şəkildə müzakirə olunacağını xüsusi qeyd edib. Bildirib ki, Bakıya səfəri çərçivəsində Azərbaycanla azad ticarət zonasının yaradılmasına dair müqavilənin daha effektiv olmasına təkan verəcək yeni birgə müəssisələrin yaradılması barədə razılıq əldə edilib. Münasibətlərimizin dərinləşməsinə dair birgə fəaliyyət planının hazırlanması barədə razılığa gəlinib və bu istiqamətdə işlər davam edir.

