Cəmiyyət 

Yasamal Yaşayış Kompleksində yerləşən “Güzəştli mənzil”lər elektron sistem vasitəsi ilə öz sahiblərini tapıb

ARANTV.AZ xəbər verir ki, Yasamal Yaşayış Kompleksində yerləşən “Güzəştli mənzil”lər  elektron sistem vasitəsilə öz sahiblərini tapıb. Mənzil seçimi etmiş vətəndaşların 90 faizi ərizələrini imzalayaraq təqdim ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 5 binasında güzəştli mənzillərin satışı başa çatdırılıb. Satışa çıxarılan 324 mənzilin seçimi “Elektron hökumət” portalında yaradılan “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilib. Artıq mənzillərin 90-faizindən çoxunun alıcıları ərizələrini təqdim ediblər. Növbəti mərhələdə isə alqı-satqı muqaviləsi imzalanacaq.  Belə ailələrdən biri də orta məktəbdə müəllim işləyən Fidan Mustafayevadır. O, elektron qaydada mənzil seçimində iştirak etməklə 2 otaqlı mənzil əldə edib.

Ailənin digər üzvləri də mənzil şəraitlərinin yaxşılaşmasının sevincini yaşayırlar. Sosial evlərin üstünlüyü ondadır ki, mənzillərin qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilən orta bazar qiymətindən aşağıdır. 1 otaqlı mənzillərin qiyməti 29 min 925 manatdan, 2 otaqlı 47 min 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti isə 65 min 626 manatdan başlayır. Tam təmirli mənzillər  mətbəx mebeli ilə təmin olunur. Sosial mənzil alan vətəndaş 3 il ərzində bu mənzili nə sata, nə də kirayəyə verə bilər. Ümumilkdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda tikilən sosial evlərin ilk kompleksində 1850 mənzilin inşası aparılır. Vətəndaş bu kompleksdən mənzili öz vəsaiti hesabına və ya digər kredit təşkilatından maliyyə cəlb etməklə, həmçinin İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 30 ilədək uzunmüddətli illik 4%-lə güzəştli ipoteka krediti ilə əldə edə, ala bilər.

Daha çox xəbərlər