Gündəm 

Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Aytən Muradova: “20 Yanvar Öz suverenliyi uğrunda aparılan mübarizənin 30 illik tarixi kimi”

Azərbaycanda 1990-cı ildə baş vemiş 20 yanvar faciəsindən 30 il keçir. Sovet hərbi hissələrinin iştirakı ilə həmin ilin 19 yanvar tarixindən 20- nə keçən gecə törədilmiş cinayət və qətliam hadisəsi heç bir zaman xalqımızın qan yaddaşından silinməyəcək. Hadisə zamanı, yəni1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Qətliam nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Qanlı hadisədən illər keçməsinə baxmayaraq bu tarix xalqımızın yaddaşına “Ümumxalq hüzn günü” kimi həkk olunub. Hər il 20 yanvar tarixində vətəndaşlar hadisə qurbanlarının xatirəsini əziz və uca tutmaq üçün Şəhidlər xiyabanına ziyarətə gəlirlər. Hadisədə dünyasını dəyişənlərin ruhuna ehtiram əlaməti olaraq Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verir. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilir.
Dünya ictimaiyyətinin diqqətini bu qanlı hadisəyə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
Hadisəyə hüquqi-siyasi qiymət verilməsi, eyni zamanda dövlət və beynəlxalq səviyyədə qiymətləndirilməsi məqsədilə ilk dəfə olaraq münasibət ümummilli lider Heydər Əliyev tərəfindən olub. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə zidd hesab etdiyini bildirib. Ümummilli liderin Yanvar hadisəsi ilə bağlı verdiyi kəskin bəyanat sovet rejiminin əsirliyinə verilən ən tutarlı cavab olub. Buna illərlədir gözlənilən “azadlığın iç səsi” demək olar. İri və möhkəm addımları ilə hər vəchdə Azərbaycana qarşı törədilmiş hadisələri dərindən dəyərləndirən lider SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsi ilə kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Həmin müraciətdə Heydər Əliyev 20 yanvarla bağlı qeydlərində bildirirdi:

“Artıq yarım il keçib. Bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil.”
Beləliklə, 1991-ci ilin iyulunda Heydər Əliyev məhz bu addımı ilə, sərgilədiyi azadlıq və xalqsevərlik duyğuları ilə Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
29 mart 1994-cü il tarixində Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edilib.
Ümumiyyətlə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Yanvar faciəsinə dövlət səviyyəsində tam olaraq siyasi-hüquqi qiymət verilib. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında da həmin fikirlər öz təsdiqini tapırdı :

“Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.

Bundan əlavə Heydər Əliyev 20 yanvar hadisəsi ilə bağlı çıxışlarının birində anoloji müqayisə apararaq öz sözləri ilə xalqının sevgi və etibarını bir daha qazanmışdır:

“20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır”.

Bəli bu haqda deyilən hər bir söz və atılan hər bir addım şəhidlərimizə və xalqımıza verilən dəyər idi. İllər keçməsinə baxmayaraq tariximizin qanlı 20 yanvar səhifəsi elə həmin həqiqət və ağrı verən duyğularla yaddaşımızda qalıb. Xalqımız bu hadisəni unutmur. Dövlət nümayəndələrinin, sıravi adamların və eləcə də Azərbaycanda yaşayan azsaylı xalqların iştirakı ilə də hadisə qurbanları dərindən dərk və yad edilir.
“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, – deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev “20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında” sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilsin.
Prezident Administrasiyası 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planını hazırlamalı və onun həyata keçirilməsini təmin etməlidir.
Hər bir dövlət qurumu 20 yanvarla bağlı tədbirlərlə fəal iştirak edir. Eləcə də Ədliyyə Nazirliyi. Hər il adıçəkilən faciəni yad etmək məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə anım tədbirləri təşkil olunur, 20 Yanvar şəhidləri anılır, 20 Yanvar hadisələrini əks etdirən guşələr təşkil olunub, məlumatlandırıcı videoçarxlar, təqdimatlar nümayiş etdirilir. Həmçinin regionlarda Şəhidlər Xiyabanları ziyarət olunur.

Aytən Muradova

2 saylı Bakı “ASAN xidmət” mərkəzində
Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi
I dərəcəli ədliyyə qulluqşusu

Daha çox xəbərlər