Zaqatala rayonunda fındıq yığımı davam edir
ARANTV.AZ xəbər verir ki, Azərbaycan dünyada fındıq istehsalı və ixracına görə üçüncü yerdədir. Rəqabətdə yerini qoruyub saxlamaq və inkişaf etdirmək üçün bu sahə ilə məşğul olan fermerlərin üzərinə böyük məsuliyyət düşür. Xüsusən fındıqçılıq sahəsində birinciliyi qazanan Zaqatala rayonunun. Hazırda Zaqatalada fındıq yığımı davam edir. Toplanan məhsul rayonda fəaliyyət göstərən fındıq emalı müəssisəslərində emal olunur.
Azərbaycanda fındıq məhsullar istehsalının böyük hissəsinin məhz Zaqatala rayonunun payına düşməsi təsadüfi deyil. Çünki bu rayonda iqtisadiyyatın 43 faizini fındıqçılıq təşkil edir. Fındığın bol olduğu Zaqatalada fındıq emalı müəssisələrinin yetərincə olması da bu sahədə keyfiyyətli istehsala zəmin yaradır. Hazırda rayonda fındığın kütləvi yığımı olduğu üçün emal müəssisələrində də qızğın iş gedir. Məhsul təkcə Zaqataladan deyil, Balakən, Qax və digər rayonlardan da alınaraq bu müəssisələrdə emal olunur.
Burada iş prosesi ardıcıllıqla davam edir. Fındıq yoxlanılaraq qəbul olunur, sonra qurutma kamerlarına verilir. Oradan qırma sexinə göndərilir, qırılan fındıq ləpəsi təmizləmə bölümündə çeşidlənir. Burada fındıq ləpəsi bir neçə növ üzrə seçilir.
Bu prosesslərin hər birində işçilərin əl əməyindən istifadə olunur. Bu isə bir çox ailənin məşğulluğunun təmin olunmasına şərait yaradır.
Emal müəssiəsində işlər Avropa standartlarına uyğun şəkildə həyata keçirilir. Gigiyenik qaydalara maksimum dərəcədə riayət olunur. Əsasən ixracatçılıqla məşğul olan müəssisə, məhsulun xarici bazarlara çıxarılması üçün keyfiyyətli məhsul istehsal edir.
Nəzərə alsaq ki, bu il ölkə üzrə 60 min tondan çox fındıq məhsulunun istehsalı planlaşdırılıb, deməli işin sürət və keyfiyyətini artırmaq üçün fermerlərin üzərinə də böyük məsuliyyət düşür. Hazırda Azərbaycanda 50 min hektar məhsuldar fındıq bağı var. Bu bağlara yüksək aqrotexniki qulluq sayəsində məhsuldarlıq və ixracın ildən-ilə artacağından xəbər verir. Azərbaycan dünyada fındıq istehsalı və ixracı sahəsində Türkiyə, İtaliya və ABŞ-dan sonra 3-cü yerdədir.

