Ölkəyə xaricdən daha 100 pambıqyığan kombayn gətirilib
ARANTV.AZ xəbər verir ki, ölkəyə xaricdə istehsal olunan daha 100 pambıqyığan kombayn gətirilib. Lizinq yolu ilə fermerlərə verilən texnika yaxın günlərdə sahələrə çıxarılacaq.
Artıq bəzi bölgələrdə pambıq yığımına başlanılıb. Kütləvi yığıma isə yaxın günlərdə start veriləcək. Bu ərəfədə ölkəyə ABŞ-da istehsal olunan daha 100 kombayn gətirilib. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən texnika lizinq yolu ilə istehsalçılara paylanılır. Hazırda isə ölkənin ayrı-ayrı pambıqçılıq təsərrüfatlarında 303 pambıqyığan kombayn var. Beləliklə, kombaynların sayı 403-ə çatdırılıb.
Yeni kombaynların alınmasında fermerlərin istək və təklifləri nəzərə alınıb. Bu texnikalar məhsulu daha yaxşı toplamasına görə digərlərindən fərqlənir. Bir gedişə 4 pambıq cərgəsini aparır. Kombaynın qabaq və arxa hissələrində yığma aqreqatı, eləcə də güclü sovurma sistemi olduğundan sahələrdən pambığı 100 faizə qədər toplamaq mümkündür. Həmçinin daha az yanacaq sərf edilirr.
Kombaynlar yeni kənd təsərrüfatı texnikanın alınması ilə bağlı dövlət başçısının bu ilin əvvəlində imzaladığı sərəncama əsasən ölkəyə gətirilib. Həmin sərəncamla “Aqrolizinq” ASC-yə 160 milyon manat ayrılıb. Artıq bu vəsait hesabına 6 min müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınıb ki, onun da təxminən 65 faizi pambıqçılıq sahəsinə aiddir. Beləliklə, texnikalar kifayət qədər olduğundan bu mövsüm pambığın maşınlarla toplanmasında çətinlik yaranmayacağı proqnozlaşdırılır. Kombaynları isə xüsusi təlimdə iştirak edən və sertifakata yiyələnən mexanizatorlar istifadə edəcəklər. Bu il 230 mexanizator belə sertifikat alıb.

