Region Xəbərləri 

Qəbələnin Səlbir və Qala hissələrində arxeoloji tədqiqatlar aparılıb

ARANTV.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik və İlk Orta Əsrlər Arxeoloji Ekspedisiyası” Qəbələ şəhərinin Səlbir ərazisində tədqiqatlar aparır. Arxeoloqlar yaşayış yerinin yuxarı mədəni təbəqələrinə aid yaşayış binası və binaya aid yardımçı tikilinin qalıqlarını aşkarlayıblar. Qəbələnin Qala ərazisində aparılan arxeoloji tədqiqatlar da başa çatıb.

Qəbələdə arxeoloji tədqiqatlar 2500 illik tarixə malik, onun da 800 ildən çox hissəsini qədim Azərbaycan dövləti olan Albaniyanın ilk paytaxtı olan bu şəhərinin Səlbir ərazisinin cənub-qərb hissəsində aparılır. Tədqiqatlar zamanı arxeoloqlar yaşayış yerinin yuxarı mədəni təbəqələrinə aid yaşayış binası və binaya aid yardımçı tikilinin qalıqlarını aşkarlayıblar. Şəhərdəki tikili qalıqları böyüklüyü və memarlıq üslubuna görə diqqət çəkir.

Qalıqları aşkar olunan bina eramızın 12-13-cü əsrlərinə aid edilir. Belə məlum olur ki, 13-cü əsrin sonlarında əhali buranı tərk edib, bina isə zamanla dağıntıya məruz qalıb. Tədqiqatların nəticələri təkcə memarlıq baxımından deyil, eləcə də binaların aid edildiyi dövrün sənətkarlığının öyrənilməsi baxımından əhəmiyyətlidir. Çünki binanın içərisində bəzəkli saxsı və şüşə qab fraqmentləri, muncuqlar, düymələr, mis bəzək əşyaları da tapılıb. Aşkar olunan materialların üzərində kameral tədqiqatlar davam etdiriləcək. İnsan skeletlərinin antropoloji tədqiqi də nəzərdə tutulur. Abidə isə növbəti qazıntı mövsümlərinə qədər konservasiya olunacaq.

Bu il Qəbələnin Qala ərazilərində də arxeoloji tədqiqatlar davam etdirilir. Cənubi Koreyadan olan mütəxəssislərin də iştirak etdikləri təqdiqat zamanı yeni küçə və məhəllələr aşkarlanıb, küçələrə sal daşların düzüldüyü müəyyənləşib. Eləcə də şəhər qalıqlarının olduğu ərazidəki təpəciklər və çökək yerlərin şəhər ərazisinin ilkin relyefinin göstəricisi olduğu öyrənilib. Builki qazıntılar şəhərin Qala ərazisinin Şimal divarlarının tədqiqi baxımından da əhəmiyyətli nəticələr verib. Məlum olub ki, təqribən 10-cu əsrin sonu – 11-ci əsrin əvvəllərində daxili və xarici təsirlər nəticəsində Qəbələ çox ciddi tənəzzül dövrü keçirib. Şəhərin Səlbir adlanan şimal hissəsində həyat demək olar ki, sönüb. Belə olan halda həyatın davam etdiyi Qala ərazisinin müdafiəsini təşkil etmək məqsədilə onun şimal hissəsi boyunca dərin xəndək qazılaraq qala divarları inşa olunub. Qazıntılar zamanı şəhərin orta əsrlər dövrünü əks etdirən infrasturukturuna dair bir sıra maraqlı tapıntılar da aşkarlanıb. Bu tapıntılar şəhər əhalisinin məişət və mədəniyyətinin, xarici ölkələrlə mədəni əlaqələrinin tədqiqi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Daha çox xəbərlər