AZƏRBAYCAN ƏDLİYYƏSİ – 100 Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsini yaşayır.
Azərbaycan ədliyyəsi 100 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşır. 18 ildir ki, bu əlamətdar günü tarixi hadisə kimi qeyd edən hər bir ədliyyə işçisi peşə bayramını bizə bəxş etdiyi üçün daima ulu öndər Heydər Əliyevə minnətdar olacaqdır. Məhz onun 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə hər il 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi rəsmən qeyd edilir. Bir əsr inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin ilin noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş, onun funksiya və səlahiyyətləri müəyyən edilmişdir. Həmin dövrə nəzər salanda şahidi oluruq ki, Ədliyyə Nazirliyi o vaxtlar şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşdür. Fəaliyyəti unudulmaz hadisələrlə yadda qalan Ədliyyə Nazirliyi 1920-ci ildə ölkə işğal edildikdən sonra ləğv edilərək əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmış, səlahiyyətləri xeyli məhdudlaşdırılmış, iki dəfə ləğv olunaraq yenidən təsis edilmiş, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilmişdir. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci ilə – ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsaduf edir. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra yenə də, ümummilli lider Heydər Əliyev tərəfindən onun gələcək inkişaf istiqamətləri müəyyən edildi. Ölkənin həm siyasi, həm iqtisadi, həm də hüquq sistemini uğurla müəyyənləşdirən ulu öndər 1995-ci ildə müstəqil respublikanın əsas qanununun – Konstitusiyanın qəbulunda misilsiz xidmətlər göstərdi. Həmin ildən etibarən Azərbaycan Respublikası demokratik, dünyəvi və hüquqi dövlət olduğunu rəsmən bütün dünyaya elan etdi. Məhz bu tarixi hadisədən sonra ölkədə məhkəmə-hüquq islahatlarına rəvac verildi. Mövcud ictimai münasibətləri tənzimləyən çoxlu sayda yeni qanunlar qəbul olundu və ölkədə qanunun aliliyinin təmin olunması istiqamətində əməli işlər görülməyə başlandı. Hüquqi dövlətin ən mühüm atributlarından olan ədalət mühakiməsinin mütərəqqi prinsipləri əsasında 2000-ci ildə hazırlanmış Azərbaycan Respublikasının yeni Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual və digər Məcəllələri qəbul edilərək qüvvəyə mindi. Ölkə prezidenti İlham Əliyev cənabları hər sahədə olduğu kimi məhkəmə-hüquq islahatlarında da ulu öndərin xəttini uğurla davam etdirərək ədliyyə orqanlarının inkişafında misilsiz xidmətlər göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli müvafiq fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verildi. Nazirliyin yeni müasir görünüşlü rəsmi emblemi təsdiq edildi. 26 may 2006-cı ildə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuş və “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli fərmanı qüvvəyə minmişdir. Nazirlikdə yeni qurumların – İcra Baş İdarəsinin, İstintaq idarəsinin, Ədliyyə Akademiyasının, regional ədliyyə idarələrin, probasiya xidmətinin və müxtəlif reyestrlərin yaradılması müasir Azərbaycan ədliyyəsi tarixində mühüm yer tutur. Qeyd olunan tədbirlərlə ədliyyə orqanlarının normativ-hüquqi bazası möhkəmləndirilmiş və Ədliyyə Nazirliyi ədliyyə sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən, hüquq mühavizə orqanı statuslu mərkəzi icra hakimiyyəti orqanı kimi keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmçinin ədliyyə orqanlarının da müxtəlif mühüm xidmətlər göstərdiyi Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində uğurlu fəaliyyəti bu sahədə görülən tədbirlərin əyani təzahürüdür. Məlum olduğu kimi 2018-ci ilin aprelin 11-də keçirilən şəffaf, demokratik və ədalətli seçkilərdə xalqın tam əksəriyyətinin səsini qazanaraq inamlı qələbə ilə cənab İlham Heydər oğlu Əliyev dördüncü dəfə ölkə başçısı seçilmişdir. Bununla da, xalqımız ulu öndərin uğurlu siyasi kursunu bir daha dəstəkləmişdir. Əminliklə deyə bilərik ki, bu da öz növbəsində respublikada aparılan məhkəmə-hüquq islahatlarına yeni pozitiv təkan verəcəkdir. Həmin islahatlar çərçivəsində biz ədliyyə işçiləri də, möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrimizi hər zaman layiqincə yerinə yetirmək, demokratik hüquqi dövlət quruculuğu, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üçün bundan sonra da fədakarlıqla çalışmalıyıq. Sonda fürsətdən istifadə edib bütün ədliyyə işçilərini Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbrik edir, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.
Bəxtiyar Salman oğlu Calalov, Bərdə regional ədliyyə idarəsinin müstəntiqi, I dərəcəli ədliyyə qulluqçusu

