Pivot suvarma – mütərəqqi suvarma sistemi
ARANTV.AZ xəbər verir ki, ölkəmizdə kənd təsərrüfatı məhsullarının təxminən 90 faizi suvarılan əkin sahələrindən götürülür. Son illər ölkədə kənd təsərrüfatının inkişafı, meliorasiya sahəsi ilə bağlı dövlət əhəmiyyətli yeni layihələr həyata keçirilir. Onlardan biri də Pivot Suvarma sistemlərinin ölkəmizdə istehsal edilməsi ilə bağlıdır. Artıq Sumqayıt Texnologiyalar Parkında bu sistemlərin istehsalına başlanılıb.
Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən infrastruktur layihələridir. Bu sahəyə qoyulan böyük vəsait, eyni zamanda, sahibkarlığa dövlət tərəfindən göstərilən dəstəyin təzahürüdür. Respublikamızda aqrar islahatlar vüsət götürdüyündən hazırda meliorasiya və suvarma kompleksinin hərtərəfli inkişafı da başlıca prioritetlərdən biridir. Prezident İlham Əliyevin müvafiq qurumlar qarşısında qoyduğu vəzifələrdən biri də pivot suvarma sistemlərinin geniş tətbiq edilməsi ilə bağlıdır. Ölkə başçısı 2017-ci ilin mart ayında Saatlıda Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində pivot suvarmanın tətbiqinə toxunmaqla diqqəti bu məsələyə yönəltdi.
“Pivot suvarma sistemləri ölkəmizə gətirilib. Əvvəlki illərdə bəzi rayonlarda bu sistemlərdən özəl qurumlar istifadə etmişlər. Ancaq, onların sayı bizi qane edə bilməz. Ona görə, dövlət bu sahəyə də öz dəstəyini göstərməyə başlayıb. Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Pivot sistemləri məhsuldarlığı bir neçə dəfə artıra bilər. Bu sistemlərdən Azərbaycanda təkcə pambıqçılıqda yox, başqa sahələrdə də istifadə olunur və olunacaq. Bu sistemlər böyük dönüş yaradacaq. Eyni torpaqda məhsuldarlıq artdıqca əlbəttə ki, həm fermerlər, həm də dövlət ancaq xeyir götürəcək”.
Hazirda Sumqayıt Texnologiyalar Parkında pivot qurğularının istehsalı təşkil olunur və bu amil həmçinin, xaricə vəsait axınının azaldılmasında mühüm faktordur. Pivot tamamilə sinklənmiş polad borulardan və müxtəlif sistemlərdən ibarətdir. Texnologiyanın bütün hissələri STP-nin istehsalı olaraq müsəssisədə yığılır. Sumqayıt Texnologiyalar Parkı istehsalda ABŞ-ın bu sahədə ixtisaslaşmış ən böyük şirkətlərinin təcrübəsindən istifadə edir.
Pivot suvarma sistemlərinin aqrar sahədə yaratdığı dönüş fermer təsərrüfatlarının inkişafına təkan verəcək. Ölkənin iri əkinçilik təsərrüfatlarında, o cümlədən aqroparkarda pivot suvarma sistemləri uğurla tətbiq olunur. Hazırda tikintisi davam edən Qax Aqroparkında da müasir üsullu, özü yeriyən pivot suvarma sisteminin quraşdırılması işləri aparılır.
Pivot suvarma sistemi iqtisadi baxımdan olduqca səmərəlidir: Çünki, bu vasitə ilə suya qənaət etmək mümkündür, itkiyə yol verilmir, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şəxslər və qurumlar suvarma prosesini vaxta qənaət edərək daha sürətli həyata keçirə bilir, torpaqların şoranlaşmasının qarşısı alınır. Pivot həm də ağıılı suvarma sistemi kimi də xaraktrizə olunur. Belə ki, təsəsrrüfatın suvarılması məsafədən, internet vasitəsi ilə də mümkündür. Bir sözlə, ölkə iqtisadiyyatının, xüsusilə, kənd təsərrüfatının köklü şəkildə inkişafı, əhalinin ərzaq təhlükəsiziliyinin təminatında meliorasiya və irriqasiya kompleksinin də mühüm rolu var. Ötən illərin reallıqları bir daha təsdiqləyir ki, həmin sahənin də kompleks inkişafı da mütamadi diqqətdə saxlanılır.

