Gömrük orqanlarında struktur islahahatları aparılır
ARANTV.AZ xəbər verir ki, “Sınıq Körpü” gömrük-keçid məntəqəsində inşa olunan “Ticarətin Asanlaşdırılması Mərkəzi” bu ayın sonunda istifadəyə veriləcək. Bununla da vətəndaşların və mal dövriyyəsinin gömrük keçidi asanlaşacaq. Gömrük büdcə ödənişləri isə proqnozlaşdırıldığından daha çox olub. Beləki, ilin 8 ayı ərzində 1 milyard 569 milyon 780 min manat proqnoza qarşı faktiki yerinə yetirmə 2 milyard 270 milyon 964 min manat təşkil edib.
Azərbaycan-Gürcüstan sərhəddindəki Sınıq Körpü gömrük-keçid məntəqəsində Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində “Ticarətin Asanlaşdırılması Mərkəzi” tikilir. Mərkəzin istifadəyə verilməsilə bu məntəqədə müşahidə olunan sıxlıq aradan qaldırılacaq. Ümumilikdə, vətəndaşların rahatlığı və gömrük keçid məntəqələrində mal dövriyyəsinin daha da asanlaşdırılması istiqamətində islahatlar aparılır. Artıq Gömrük orqanlarının idarə və şöbələri arasında bir-birinin funksiyalarını təkrar edən qurumlar ləğv edilib, bəziləri isə birləşdirilib. Aparılan struktur islahatları gömrük işinin keyfiyyətinin artmasına səbəb olub. Məsələn, əvvəllər Sınıq Körpü gömrük-keçid məntəqəsindən gün ərzində 6 min insan keçirdisə, bu yay bu rəqəm 17 minə qalxıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi isə hər ay gömrük-keçid məntəqələrində 1,5 milyon sərnişinə xidmət edir. Struktur islahatları zamanı işçilər arasında ixtisarlar aparılmayıb. Əksinə bu ilin yanvar-avqust aylarında komitənin əməkdaşlarının sayı, təxminən, 250 nəfər artırılıb. Bundan başqa, il ərzində 6 155 qanun pozuntusu aşkar edilib. Bunlardan 458-i cinayət xarakteri daşıyıb. Hüquqpozmalarla bağlı cinayət işləri prokurorluq orqanlarına göndərilib. Narkotik vasitələr və psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 150 fakt aşkarlanıb. Ümumilikdə 1 ton 19 kq 926 qram narkotik vasitələr tutulub. Gömrük prosedurlarının avtomatlaşdırılması, malların və nəqliyyat vasitələrinin qeydiyyata alınması və gömrük rəsmiləşdirilməsində elektron vahid idarəetmə sistemindən istifadənin səmərəliliyi öz bəhrəsini verməkdədir. İlin əvvəlindən xarici ticarət fəaliyyəti iştirakçılarına 2 milyondan çox elektron xidmət göstərilib. Bu isə Komitəni elektron xidmətlər sahəsində ilk yerə çıxarıb. Bütün bunlar barədə “Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev danışdı. İllik büdcə proqnozları artıqlaması ilə yerinə yetirilib. Gömrük orqanlarının 2018-ci il üçün büdcə öhdəliyinin ümumilikdə 3 milyard 190 milyon manat təşkil edib, bu ilin 8 ayı ərzində büdcə ödənişlərinə artıqlaması ilə əməl olunub.
Sərhəd idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində ölkənin sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərməyə başlayıb. Bu isə idxal-ixrac əməliyyatları üzrə ticarət potensialının daha da yüksəldilməsinə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə mal və nəqliyyat vasitələrinin gözləməyə məruz qalmadan sutka ərzində fəaliyyət göstərməsinə, vətəndaşların gediş-gəlişində sıxlığın aradan qaldırılmasına töhvə verir.

