20 fevral Ümumdünya Sosial Ədalət Günüdür!
Cəmiyyətdə ədalət olmasa…
Müharibələrin, münaqişələrin, zülm və haqsızlıqların dünya səviyyəsində bütün gücü ilə davam etdiyi, insanlıq əleyhinə cinayətlərin sərhəd tanımadığı dövrümüzdə daha bir Ümumdünya Sosial Ədalət Günü (World Day of Social Justice) qeyd edilir. Cinayətlərin, haqsızlıqların böyük hissəsinin cəzasız və qarşılıqsız qaldığı belə bir dövrdə “ədalət” anlayışının həyati önəmi yenidən gündəmə gəlir. 2009-cu ildən etibarən hər il fevral ayının 20-də qeyd olunan Ümumdünya Sosial Ədalət Günü BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi ilə yaradılmışdır.
Bu gün dünyada insanların böyük hissəsinin ağır şəraitdə yaşaması, yaşamaq uğrunda mübarizə aparması acı həqiqətlərdəndir. Ən zəngin ölkələrdə belə küçədə yaşayan, zibilliklərdən yemək axtaran insanlar görmək mümkündür. Dünyadakı bu vəziyyətin səbəbi ədalətsiz gəlir bölgüsündən qaynaqlanır. Məsələn, dünya sərvətlərinin 80%-ni dünya əhalisinin 17%-i istehlak edir, təqribən 5 milyard insan isə yerdə qalan 20%-lə qane olmağa məcburdur. Bir milyarda yaxın insan gecə ac yatır. Ən zəngin yüz insanın ümumi əmlakı ən kasıb 3.5 milyard insanın, yəni dünya əhalisinin yarısının ümumi əmlakına bərabərdir.
Afrika dünyanın ən zəngin qitəsi olmasına baxmayaraq, insanların ən yoxsul şəkildə yaşadığı qitədir. Buradakı ölümlərin əksəriyyəti malyariya, vəba, tənəffüs yolu və ya doğuş öncəsi infeksiyalar kimi qərb dünyasının çoxdan həll yolu tapdığı xəstəliklərdən qaynaqlanır. 2015-ci ildə hər 7 nəfərdən biri gündə 1,25 dollarla həyatını davam etdirməyə çalışır. Dünyanın 250 trilyon dollar olaraq hesablanan ümumi sərvətinin yarısına əhalinin 1%-i, geri qalan digər yarısına isə 99%-i sahibdir. “Forbes” jurnalının siyahısında dollar milyarderi olaraq açıqlanan 1.200 nəfərin ümumi sərvəti 4,5 trilyon ABŞ dollarıdır. Eyni siyahının başındakı 62 nəfərin ümumi sərvəti dünyada ən kasıb 3,5 milyard insanın sərvətinə bərabərdir. Dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik olan ABŞ-ın ən zəngin 20%-i bütün sərvətlərin 85%-nə malikdir. Geri qalan 15% isə 250 milyon nəfər arasında bölüşdürülür.
Ölkəmizə gəlincə sosial ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə, ruhuna uyğun bir xüsusiyyətdir. Ta qədimdən Azərbaycan xalqı ədalətə tərəfdar olub, ədaləti müdafiə edib. Cəmiyyətdə sosial ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Sosial ədalətlilik prinsipi bu gün də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə də özünü göstərir. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycan dövlətinin milli sərvətlərdən əldə olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırılmasıdır. Ədalətlilik, eyni zamanda cəmiyyətdə bazar iqtisadiyyatının yaratdığı ziddiyyətlərin hansısa bir zümrəyə ziyan vurmasının qarşısının alınması deməkdir. Bu, Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətli prinsipdir. Cəmiyyətdə ədalət olmasa, qarşıdurma qaçılmazdır. Bütün cəmiyyətlərin tarixi göstərir ki, ədalət prinsipi pozulduqda qarşıdurma meyilləri güclənir. Bu isə xaosa və anarxiyaya gətirib çıxara bilər. Ölkədə sosial ədalət prinsipinin təmin olunması islahatlardan keçir.
“Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, “İslahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik” deyən ölkə başçısı çıxışlarında Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu vurğulayır, qeyd edir ki, “Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib.
Sevinc Azadi, “İki sahil”

