Yevlaxda profilaktik tədbirlər davam etdirilir – FOTO
Yevlax rayonunda koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və qarşısının alınması istiqamətində aparılan müvafiq profilaktik tədbirlər davam etdirilir.
ARANTV.AZ xəbər verir ki, bu barədə Yevlax Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Koronavirusa qarşı profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında genişmiqyaslı tədbirlər həyata keçirilir.
Şəhərdəki yaşayış binalarında, ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, həmçinin Heydər Əliyev Mərkəzi, Yevlax Şəhər “Cümə” Məscidi, rayonun məktəbəqədər və orta təhsil müəssisələri, kitabxanalar, Mərkəzi Bazar, Avtovağzal, ictimai iaşə və ticarət obyektləri, ərazidəki konteyner meydançalarında, bir sözlə insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə dezinfeksiya işləri aparılır. Bu işlər həm də rayonun kəndlərində də həyata keçirilir.
Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Şəhər İcra Hakimiyyəti tərəfindən Yevlax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, kənd icra nümayəndələrinə, bələdiyyələrə aidiyyəti göstərişlər verilib və görülən işlər barədə Şəhər İcra Hakimiyyətinə mütəmadi olaraq məlumatlar verilir.
İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq, Yevlax şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə də dezinfeksiya işləri aparılır.
Səhiyyə Nazirliyinin respublikada dezinfeksiya tədbirləri barədə əmrinə əsasən görülən bütün işlər müvafiq kimyəvi preparatlarla aparılır. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.
Həmçinin, sakinlərə dezinfeksiya tədbirləri ilə yanaşı, hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vaciblıyi də izah edilir.

