Cəmiyyət 

Hərbi qulluqçulara əmək pensiyası bu qaydada verilir – hüquqşünas

“Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”.

Bunu “”MediaPost”a açıqlamasında Silahlı Qüvvələrin ehtiyatda olan zabiti, hüquqşünas Rahim Abıyev deyib.

Onun sözlərinə görə, əvvəllər hərbi qulluqçuların pensiya təminatı “Hərbi qulluqçuların statusu haqqında” qanunla tənzimlənirdi. Lakin sonra qanundan həmin maddə çıxarılıb və “Əmək pensiyaları haqqında” qanuna əlavə edilib: “Əmək pensiyası yaşa, əlilliyə, qulluq stajına və s. görə təyin olunur.

Hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ var. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər bu hüquqdan yararlana bilirlər”.

O bildirib ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır: “Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər”.

R.Abıyev hesab edir ki, sağlamlığı ilə əlaqədar ehtiyata buraxılan həqiqi hərbi qulluqçuların ilkin əlillik dərəcəsinin Hərbi Həkim Komissiyalarının təyin etməsi vacibdir: “Təklif edərdim ki, səhhətinə görə ehtiyata buraxılan həqiqi hərbi qulluqçuların ilkin əlillik dərəcəsini Hərbi Həkim Komissiyaları təyin etsin. Bu halda həqiqi hərbi xidmətdən ehtiyata buraxılan şəxslər sığortalarını rahat formada ala bilərlər”.

Daha çox xəbərlər