Bu şəhərdə CƏMİ 25 QƏPİYƏ EVLƏR SATILIR
Xorvatiyanın Leqrad şəhərində əhalinin sayını artırmaq üçün ev və torpaq sahələri cəmi bir xorvat kunasına (təxminən 0.25 AZN və ya 0,15 dollar) satışıa çıxarılıb.

ARANTV.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “bne IntelliNews” yazır.
Hazırda Leqradda cəmi 2.241 nəfər yaşayır, ölkənin özündə isə uzunmüddətli demoqrafik eniş müşahidə olunur. Bu eniş Xorvatiya 2013-cü ildə Aİ-yə üzv olduqdan sonra başlayıb.

Müqavilə 40 yaşından kiçik olan və Leqradda 15 il yaşamağı planlaşdıran kəslərlə bağlanır.
Razılaşmaya əsasən, hökumət 35 min Xorvatiya Kunası (8766 AZN) dəyərində olan əmlak alışına subsidiya verir və 25 min Xorvatiya Kunasındək (6262 AZN) təmir xərclərini ödəyir.
“Koprivnitsa, Ludberq və Prelog kimi böyük şəhərlərin yaxınlığını nəzərə alsaq, rayonda ən aşağı işsizlik səviyyəsi bizdədir. Demək olar ki, burada işsiz adam yoxdur, ona görə də yeni işçilər axtarırıq”, – deyə Leqradın meri İvan Saboliç bildirib.

Avropada daha öncə də bir çox yaşayış məntəqələri oxşar aksiya keçirib. Məsələn, 2020-ci ilin yanvar ayının sonunda İtaliyanın Taranto şəhəri evlərin 1 avroya satıldığını elan etmişdi.

