Lahıc qəsəbəsində dezinfeksiya işləri aparılıb
Koronavirus (COVİD-19) təhlükəsinə qarşı mübarizə çərçivəsində İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində və Ərəgit kəndində turistlərin əsas hərəkət istiqamətləri üzrə, habelə vətəndaşların daha sıx hərəkət etdiyi küçə və meydanlarda dezinfeksiya işləri aparılıb.
ARANTV.AZ xəbər verir ki, İsmayıllı rayon Gigiyeniya və Epidemiologiya Mərkəzi tərəfindən aparılan dezinfeksiya işləri rayon mərkəzi xəstəxananın və polis şöbəsinin əməkdaşlarının dəstəyi ilə həyata keçirilib. Təhlükəli infeksiyaya qarşı profilaktik tədbir çərçivəsində Lahıc qəsəbəsinin Nizami Hüseynov küçəsi və Ərəgit kəndinin mərkəzi küçəsi, bir sıra idarə və müəssisələrin inzibati binaları, sosial obyektlər, əhalinin daim hərəkətdə olduqları küçə və meydanlar, marketlərin giriş hissələri xüsusi dərman pereparatı ilə dezinfeksiya edilib.
Profilaktik tədbir çərçivəsində rayon mərkəzi xəstəxanasının əməkdaşları tərəfindən virusdan qorunmaqla bağlı əhali ilə maarifləndirici söhbətlər aparılıb. Sakinlərə tibbi maska və əlcəklərdən istifadənin zəruriliyi, gigiyenik qaydalar və təmasdan uzaq durmaq kimi vacib məsləhətlər verilib. Söhbət aparılan sakinlərə maska və əlcək paylanıb.AZƏRTAC

