Gəncədə təhlükəli tapıntı – FOTO
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, N.Nərimanov küçəsi 1-ci döngə, ev 5, mənzil 21-in zirzəmisində 3 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan ARANTV.AZ-a verilən xəbərə görə, məlumatın gecə saatlarında daxil olmasını və ərazinin zirzəmi olmasını təhlükəsizlik baxımından nəzərə alaraq, ərazi Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirə alınıb, əməliyyat-axtarış tədbirləri növbəti gün davam etdirilib.
2020-ci il 11 aprel tarixində Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Gəncə Regional Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının və partladıcıların ətrafında 80 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.









