Etibar Məmmədovun partiyası icarə haqqına görə məhkəməyə verilib
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi arasında məhkəmə çəkişməsi var. Adı çəkilən idarə partiyadan ödənilməyən icarə haqqını tələb edir.
Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi məhkəməyə müraciət edərək bildirib ki, 2012-ci ildə AMİP-in Nizami rayon təşkilatı üzrə 1035, Səbail rayon təşkilatı üzrə isə 1410 manat olmaqla cəmi 2445 manat məbləğində icarə haqqı üzrə yaranmış borcu var. İdarə məhkəməyə mürciət edərək borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Cavabdeh AMİP-in sədri Arzuxan Əlizadə izahatında iddia tələbini qəbul etmədiyini və üç illik iddia müddətinin ötürüldüyünü bildirib.
İş materiallarına əlavə edilmiş rəsmi sənədlərdən görünür ki, partiyanın icarəyə götürdüyü qeyri-yaşayış sahəsi 2012-ci ilə qədər Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olub. Daha sonra həmin qeyri-yaşayış sahəsi Bakı Şəhər İcra Hakimiyətinin balansına verilib. 2013-cü ildə isə AMİP rəhbərliyi dəyişib. Partiya rəhbərliyi həmin müddətə qədər də icarə haqqı ilə bağlı borclarının qalmadığını bildirib.
Məhkəmə qətnamədə göstərib ki, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi 3 illik iddia müddətini buraxdığı üçün iddia rədd edilir.
Qeyd edək ki, partiyanın qurucusu Etibar Məmmədovdur.
Musavat.com

