Kanadada qocalar evində dəhşətli mənzərə: 31 ölü, yatağa məhkum qocalar
Kanadanın Monreal şəhərində yerləşən özəl qocalar evindən bir aydan da az müddətdə 31 insanın meyiti çıxarılıb. Nyu-York Times-in yazdığına görə, onlardan 5-də koronavirus aşkarlanıbmış.
Qocalar evi Monrealda Herron adlı malikanədə yerləşir. Evdə çoxsaylı ölümlərin olması yeri səhiyyə orqanlarını narahat etdiyinə görə ora həkim və tibb bacılarından ibarət komanda göndərilib. Komanda üzvləri dəhşətli mənzərə ilə qarşılaşıblar: günlərlə ac-susuz qalmış, yataqdan qalxa bilməyən ahılların altına bağlanan bezlərdən üfunət qoxusu ətrafa yayılırmış.
Komandanın üzvü olan tibb bacısı Loredana Mule ömründə belə dəhşətli mənzərə görmədiyini deyib: “Bu, dəhşətliydi: insanlara verməyə yemək yox idi, oradan qalxan iy atı belə öldürərdi”.
O, evdən çıxandan sonra maşına yıxılaraq ağladığını bildirib: “Necə olar bilər ki, evdən bu qədər meyit çıxarılsın və yaxınlıqdakılar bundan narahat olmasınlar?”
Qocalar evində koronavirusa yoluxma aşkarlandıqdan sonra 150 yataqlı malikanənin əksər işçiləri fəaliyyətini dayandırıb. Bu qədər insana qulluq etmək cəmi 2 tibb bacısının öhdəsinə buraxılıb. Nəticədə iflic və digər xroniki xəstəliklərdən əziyyət çəkən ev sakinləri özləri özlərinə qulluq etməli olublar.
Qocalar evinin yerləşdiyi Kvebek əyalətinin baş naziri Fransua Leqo baş verənləri “kobud məsuliyyətsizlik” adlandırıb. Monreal polisi və Kvebek Səhiyyə Nazirliyi qocalar evi barədə araşdırmalara başlayıb. Eyni zamanda bu hadisədən sonra Kvebek Səhiyyə Nazirliyi əyalətdə olan 40 qocalar evində yoxlamalar aparıb. Məlum olub ki, onların əksəriyyəti kadr çatışmazlığı yaşayır. Bu günlərdə Kanadanın baş naziri Castin Trüdo bəyan edib ki, Kvebek rəsmiləri federal hökumətdən qocalar evləri üçün kadr təminatında yardım istəyib.
Qeyd edək ki, dəhşətli vəziyyətin aşkarlandığı Herron qocalar evi “Katasa” adlı daşınmaz əmlak şirkətinə məxsusdur. Şirkətin daha 6 qocalar evi var.
Musavat.com

