Kinoteatrlar və konsert zalları pandemiyaya görə zərər çəkib
Koronavirus (COVID-19) pandemiyasının, dünya enerji və səhm bazarlarındakı kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının icrası çərçivəsində qəbul edilmiş Tədbirlər Planı üzrə aparılan işlər davam etdirilir.
“Report” xəbər verir ki, Tədbirlər Planının istiqamətlərindən biri pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə dəstək göstərilməsidir. Bu məqsədlə Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına dəyişikliklərlə bağlı təklifər hazırlanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva həmin təklifləri şərh edib. O, bildirib ki, pandemiyadan zərər çəkmiş sahibkarlara vergi sahəsində müvafiq təşviqlərin verilməsi nəzərdə tutulur. Bu məqsədlə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər sahibkarlıq subyektləri, biznes icmaları və aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə geniş müzakirə edilib, biznesin tələbləri və istəkləri nəzərə alınıb və müvafiq qanun layihəsi Milli Məclisə təqdim olunub. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun bötüvlükdə pandemiyadan zərər çəkən bir sıra fəaliyyət sahələrinə genişhəcmli təşviqləri ehtiva edir.
Onun sözlərinə görə, pandemiyadan zərər çəkmiş sahibkarlıq fəaliyyəti sahələrinə şəhərlərarası(rayonlararası) sərnişindaşıma fəaliyyətini həyata keçirən subyektlər, yerləşdirmə vasitələri hesab olunan mehmanxana, otel, hostel kimi təsərrüfatlar, ictimai iaşə fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti və s. misal göstərilə bilər. Həmçinin, tədris müəssisələri, o cümlədən məktəbəqədər təhsil müəssisələri, hazırlıq mərkəzləri də zərər çəkən müəssisələr kimi müəyyənləşdirilib.

