Sənətçilər Afaq Bəşirqızı üçün birləşdi: “Şərəf və ləyaqətini tapdalamağa cəhd edənlər…”
Sənət adamları bir neçə gündür ki, gündəmi zəbt edən Xalq artisti Afaq Bəşirqızı üçün birləşib.
Tahir İmanov, Dilarə Əliyeva, Oqtay Əliyev, Ramiz Fətəliyev, Ənvər Sadıxov, Zülfiyyə Xanbabayeva, Mənsum ıİbrahimov, Elçin Həşimov, Elnur Əhmədov, Eyyub Yaqubov bir araya gələrək xalq artisti ilə bağlı müraciət yayıb.
Sözügedən müraciəti Xalq artisti Tünzalə Ağayeva öz şəxsi səhifəsində bölüşüb: “Son günlər əfsanəvi aktrisamız, gülüş ustamız, hər zaman xalqının qeydinə qalan, onlara görə haqq səsini ucaldan, maddi və mənəvi cəhətdən sənət aləmində olan insanlara köməyini əsirgəməyən Afaq Bəşirqızına qarşı çox çirkin oyunlar aparılır. Efirdə olduğundan xəbərsiz olan Afaq xanımın səs yazısını, hansı ki, ümumiyyətlə, demək olar ki, çətinliklə eşidilir, bilərəkdən yayıb, onu ləkələməyə çalışırlar. Afaq xanım heç bir zaman tamaşaçıya hörmətsizlik etməyib. Biz sənət insanları xahiş və tələb edirik ki, illərini, həyatını Azərbaycan incəsənətinə və mədəniyyətinə həsr edən, bu yolda sağlamlığını belə itirən Afaq xanımın şərəf və ləyaqətini tapdalamağa cəhd edənlər cinayət məsuliyyətinə cəlb olunsunlar. İmkan verməyək ki, nadanlar xalqımızın dəyərli sənətkarının adına xələl gətirsin. Afaq xanım, sizi sevirik”.
Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızının ARB televiziyasında yayınlanan “Elgizlə izlə” verilişinin aparıcısı Elgiz Əkbərin şəxsi telefonuna zəng edərək nalayiq ifadələr istifadə etməsi bir neçə gündür ki, gündəmi zəbt edib. İşlətdiyi ifadələrə görə aktrisa sosial şəbəkədə tənqid olunur.
Musavat.com

