Sabiq dövlət müşaviri: “İcra başçılarının həbsi göstərdi ki, Azərbaycanda çox ciddi islahatlar aparılır”
“Prezident İlham Əliyev çox ciddi şəkildə rüşvət və korrupsiyaya qarşı mübarizəyə başlayıb. Bu istiqamətdə ölkə başçısının siyasi iradəsi aydın hiss olunur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.
Q.Hüseynli deyib ki, artıq Azərbaycanda bu il ərzində sayca dördüncü icra başçısı və ümumilikdə 20-yə yaxın dövlət məmuru həbs edilib:
“Bütün bunlar onu göstərir ki, ölkə Prezidenti rüşvət və korrupsiyanın nə qədər təhlükəli və çirkin hal olmasını bütün təfərrüatları ilə qəbul edir və bunun kökünü kəsməkdə israrlı görünür. Prezident yeni təyin etdiyi Baş prokuror Kamran Əliyevi qəbul edərkən rüşvət və korrupsiyaya qarşı daha sərt mübarizənin aparılımasını bəyan edib. Prezident açıq eyham vurdu ki, rüşvət halları hətta nazirliklər səviyyəsində də mövcuddur və bu istiqamətdə ciddi araşdırmalar gedir. Yəqin ki, yaxın günlərdə bununla bağlı müəyyən addımlar atılacaq. İcra başçılarının həbsi onu göstərir ki, Azərbaycanda çox ciddi siyasi və kadr islahatlar aparılır, rüşvət və korrupsiyanın üzərinə ciddi şəkildə gedilir. Ölkə başçısı açıq şəkildə bəyan edir ki, rüşvətə bulaşanlar cəzasız qalmayacaq. Prezidentin siyasi xətti olduqca aydın və açıqdır”.
Sabiq dövlət müşaviri qeyd edib ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin Baş prokuror təyin edilməsi də Prezidentin ciddi islahatlarının tərkib hissəsidir:
“Zakir Qaralov 20 ildən çox idi ki, Baş prokuror işləyirdi. O, tam gücü ilə işləməyi bacarmırdı. Ona görə də bu qədər rüşvət və korrupsiya halları yarandı. Ancaq Kamran Əliyev kimi kifayət qədər cavan və peşəkar prokurorun Baş prokuror təyin edilməsi və onun qarşısına dövlətin fundamentinə təhlükə yaradan hallara qarşı mübarizə aparılmasının əsas vəzifə kimi qoyulması vacib əhəmiyyət kəsb edir. İnanıram ki, Kamran Əliyevin Baş prokuror təyin edilməsindən sonra rüşvətxorun ayağının altında torpaq yanacaq. Yəqin ki, bundan sonra kadrların seçilməsində qohumluq əlaqələrinə və digər bu kimi hallara fikir verilməyəcək. Əsas peşəkarlığa üstünlük veriləcək. Belə olan halda isə korrupsiya və rüşvətin kökünün kəsilməsi mümkündür”.

