Döyənəklə ziyilİn fərqi: “Çox zaman bunları qarışdırırlar”-Dermatoloqdan AÇIQLAMA
Döyənəklər ən çox rast gəlinən dəri problemlərindən biridir. Amma çox zaman döyənəklər ziyillərlə qarışdırılır. Hətta bununla bağlı yanlış müalicələr də təyin olunur.
Dermatoloq, uzman həkim Firayya Məmmədova e-tibb.az-a bildirib ki, döyənək əsasən bədəndə dərinin, sümüyün özünü qoruyan hissələrində yaranır. Bu əslində bədənin travmaya daha çox məruz qalan yerlərində dərinin qalınlaşması deməkdir. Dərinin qalınlaşması nəticəsində ortaya çıxan döyənəklər ağrı və narahatlıqlar yaradır: “Çox zaman döyənək ağrı verdiyi halda ziyillə qarışdırılır. Halbuki ziyil tamamilə başqa bir problemdir, virus xəstəliyidir. Ən çox da ayaq ziyilləri ilə döynəklər dəyişik salınır. Bəzən də əldə olan döyənəklə ziyil qarışdırılır.
Amma döyənək olan yerlərdə dərinin tamlığı pozulıduğuna görə, ziyilə yoluxma, ziyil yaranma ehtimalı daha çox olur. Döyənəyi olan insanlarda ziyilə olmayan insanlarla müqayisədə daha çox rast gəlinir”.
Dermatoloq deyib ki, döyənəklərin mövsümlə bağlılığı yoxdur. Yayda döyənəklər daha rahatlayır, çünki açıq ayaqqabıda problem yaranmır. Amma qışda bağlı, qapalı ayaqqabılarla əlaqədar olaraq döyənəklər daha çox incidir: “Ziyillər isə daha çox yaz-yay aylarında meydana çıxır. Bu da həmin mövsümdə ortaq istifadə edilən məkanlar, vasitələrlə bağlı yaranır”.
Mütəxəsisis qeyd edib ki, pasientlər döyənək, ziyillərlə bağlı daha çox cərrahlara, ya da digər sahə mütəxəssislərinə müraciət edirlər. Hətta özlərini dermatoloq hesab edən bır sıra mütəxəssilər belə də bu problemləri cərrahi yolla aradan qaldırırlar: “Əslində ziyillərə cərrahi yolla dəyilməməlidir, toxunanda daha da artırlar. Yalnız genital bölgədə olan ziyillər qadınlarda uşaqlıq boynu xərçənginə gətirib çıxara bilir. Ona görə də 6 ayda bir dəfə PAP smear analizinin verilməsi tövsiyə olunur. Amma üzdə, əllərdə, ayaqada olan ziyillər təhlükəli deyil. Bu ziyillərin ştamları da genital bölgədə olanlardan fərqlidir. Sadəcə olaraq, çox tez yayıla bilirlər. Ən çox da ayaqda olan ziyillər ortaq istifadə nəticəsində yoluxdurulur. Eynilə əllərlər də bağlı bunu demək olar”
Dermatoloqun sözlərinə görə, həm döyənəyin, həm də ziyilin müalicəsi mümkündür: “Amma bəzən ziyil orqanizmdə ömür boyu qalır, immunitet hər dəfə düşəndə ortaya çıxır. Bəzənsə problem aradan qalxandan sonra bir də heç vaxt təkrarlanmaya bilir”.
Onun sözlərinə görə, ziyillə döyənəyin qarışdırılmasının ən pis tərəfi düzgün olmayan müalicələrin tətbiqidir. Çünki bu da ağırlaşmalara gətirib çıxara bilir: “Əgər döyənək həddən artıq problem yaradırsa, bu halda dermatolqla yanaşı ortopedə də müraciət olunur və birgə müalicə qərarı verilir. Bəzi xəstəliklər zamanı döynəklər olan dəri qatı müalicə ilə bərpa oluna bilmir. Bu kimi hallarda bəzən cərrahi müalicə də lazım olur ki, dəri qatı bərpa oluna bilsin”.

