Sosial 

İctimai iaşə obyektlərində koronavirusdan necə qorunmalı?

Xüsusi karantin rejiminin aprelin 27-dən yumşaldılması ilə ölkədə bir çox müxtəlif ticarət və xidmət sahələrinin, o cümlədən ofislərin və ictimai iaşə müəssisələrinin fəaliyyətinə icazə verilib.Hərçənd ki, Azərbaycanda sağalanların sayında artım olsa da, gündəlik koronavirusa yoluxma halları davam edir. Xüsusilə də Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində və Abşeron rayonunda koronavirus ocaqları qalmaqdadır.

Bu baxımdan xüsusi karantin rejimində mərhələli yumşalmanın yenidən sərt tədbirləri aktuallaşdırmaması üçün müəyyən profilaktik tədbirlərin görülməsini vacib edir.  Nəticədə bu məqsədlə koronavirus infeksiyasının (COVID-19) profilaktikasına aid metodiki vəsait hazırlanıb. Sənəd ictimai iaşə müəssisələrində çalışan əməkdaşlar və əhalinin sağlamlığının qorunması məqsədi ilə hazırda COVID-19 infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Belə ki, mövcud olan məlumatlara əsasən, COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur. Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

Bununla da ictimai iaşə müəssisələrində COVID-19 -a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə işçi heyətin virus və əks-epidemik tədbirlər barədə məlumatlandırılması, müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etmə səviyyəsi həmin qaydalar barədə məlumat vərəqələrinin çap edilərək müvafiq sahələrə (soyunub-geyinmə otaqları, sanitar qovşaq, mətbəx və s.) yerləşdirilməsi tələb edilir. Eyni zamanda, onlar yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edilməsi, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılması, xam məhsulların istifadədən əvvəl təmizlənməsi,  yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin yuyulub təmizlənməsi prosedurları barədə mütəmadi təlimləndirilməlidir.

Bununla bərabər, müəssisədə təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin edilməlidir və həmin məsul şəxs təmizlik və dezinfeksiya işlərinin dövriliyi, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydaları, həmçinin dezinfeksiyanın aparılması qaydaları barədə məlumatlarla təmin olunmalıdır. Sanitar-gigiyenik qaydalara əsasən, müəssisələrdə sanitar məişət otaqları (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanılmalı, eyni zamanda, axar isti və soyuq su təchizatı, təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməli və mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır.

Sənədə əsasən, dezinfeksiyaedicidən istifadə etmək üçün müəssisə qurğularla təmin olunmalı, birdəfəlik istifadə üçün salfetlərlə bərabər, yetərli sayda tibbi maska və əlcəklə təmin edilməli, istifadə edilmiş belə vasitələr ayrıca qapalı torbalara qoyulmalıdır.

Bundan başqa, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə  2 metrdən az olmamalıdır.

Həyata keçirilən təmizlik-dezinfeksiya işləri məhsulların xüsusiyyətləri, təmizlikdezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində mütəmadi əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən ardıcıllığa riayət edilməlidir. Mexaniki təmizlik zamanı quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır, daha sonra təmizləmə isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir. Eyni zamanda, durulama vaxtı  istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadə edilir.

Dezinfeksiyaya gəldikdə isə istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir. Dezinfeksiyadan sonra durulama prosesində bu mərhələdə içmək üçün yararlı sudan istifadə edilir. Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar istifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır. Belə ki, lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir. Eyni zamanda,  digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır. Bununla yanaşı, dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalı və  dezinfeksiya işlərini həyata keçirən işçi heyəti xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir. Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır. Bundan başqa, dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.

Həmçinin qida ilə təmasda olan səthlərin dezinfeksiyasından sonra su ilə durulanması mütləqdir.

Bundan əlavə, giriş-çıxışlardakı ayaqaltlıqlar, qapı və qapı tutacaqları, müştərilərin şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları, məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər, çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər, döşəmələr, soyuducuların tutacaqları, soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, anbarlar, tullantıların yığıldığı sahələr, tullantı qabları, ödəniş terminalları, kassada yerləşən konveyerlər müxtəlif vasitələrlə dezinfeksiya edilməlidir.

İşçi heyət isə dəyişəkli təmiz iş geyimi ilə, həmçinin gün ərzində bir çox insanla təmasda olmaları nəzərə alınaraq, maska, əlcək (ofisiant heyəti istisna olmaqla), dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin olunmalıdır. Həmçinin şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, qida məhsulları ilə təmasdan öncə, çiy qida məhsulunun emalı, qablaşdırılması və satışa hazırlanmasından, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir. Qida məhsulları ilə təmas edərkən saçları qapalı saxlayan baş örtükləri və əlcəklərdən istifadə olunmalıdır.

Bundan əlavə, əlcəklər çirkləndikdə və tamlığı pozulduqda, həmçinin iş növbələri arasında dəyişdirilməlidir. Belə ki, işçi heyətin əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməli, bununla bağlı tibb müəssisəsinə dərhal müraciət olunmalıdır.

Əllərin, o cümlədən dırnaqların gigiyenasına, iş geyimi ilə əlaqədar gigiyenik qaydalara, tibbi maskalardan ümumi istifadə qaydalarına əməl edilməlidir.

Ən əsası isə iş zamanı özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət etməlidir.  Bu əlamət(lər) işə gəlməzdən əvvələn özündə hiss edən işçi rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY müraciət etməlidir.

Eyni zamanda, xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir. Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda isə onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.

Ceyhun Piriyev, “İki sahil”

Daha çox xəbərlər