Xüsusi karantin rejimi dövründə ictimai nəqliyyatda necə davranmalı?
Sanitariya vəziyyəti metodiki göstərişlərlə tənzimlənəcək
Qlobal pandemiya zamanı virusun yayılma ehtimalının böyük olduğu yerlərdən biri də ictimai nəqliyyatdır. Bu səbəbdən də virusun ölkədə yayıldığı ilk günlərdən ictimai nəqliyyat sektorunda fəaliyyətin tənzimlənməsi xüsusi nəzarətdə saxlanılır.
Qeyd edək ki, bir neçə gün öncə ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqini tapıb. Sənəd ictimai nəqliyyat işçilərinin və sərnişinlərin sağlamlığının qorunması məqsədi ilə koronavirus (COVID-19) infeksiyasının hazırda olan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub. Mövcud olan məlumatlara əsasən, COVID-19 infeksiyası insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə toxunduqdan sonra əlləri ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və ya xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur. Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov məsələyə münasibət bildirərkən qeyd edib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə müxtəlif sahələr üzrə xüsusi sanitar rejim tətbiq olunur. Sözügedən sahələrdən biri də ictimai nəqliyyatdır: “Təsdiqlənən metodiki göstərişlər mart ayının ortalarından başlayaraq ölkəmizdə ictimai nəqliyyatda tətbiq olunan məhdudlaşdırma tədbirlərinin daha dəqiq və aydın şəkildə əks etdirilməsidir. Çünki indiyə qədər bu məhdudlaşdırıcı tədbirlər həkim və mütəxəssislərin məsləhətləri əsasında tətbiq edilirdi. Artıq bu proses metodiki göstərişlər əsasında reallaşdırılacaq.”
Ə.Hüseynovun sozlərinə görə, burada əsas 3 istiqamət vardır: Birinci istiqamət ictimai nəqliyyatın işçi heyətinin öz sağlamlığının qorunması və onların sağlamlığına nəzarətdir: “Burada əsas məqsəd işçi heyətinin sağlamlığını qorumaq, gündəlik tibbi müayinələrdən keçməklə yoluxma riskini azaltmaq, bununla da virus daşıyıcısına çevrilmənin qarşısını almaqdır. Metodiki göstərişlərdə öz əksini tapan digər vacib tələblər də vardır. Məsələn, avtobusun sürücü kabinəsi yoxdursa, həmin kabinə şəffaf materiallarla və ya plyonkalarla təcrid olunmalıdır, taksilərdə sərnişinlər yalnız arxa oturacaqlarda oturmalıdırlar və s. Başqa bir tələb isə bilavasitə sərnişinlərlə bağlıdır. Bu tələblər həm maarifləndirici, həm də qoruyucu xarakter daşıyır. Maarifləndirici odur ki, təbliğat aparılmalıdır ki, ictimai nəqliyyatdan bacardıqları qədər az istifadə etsinlər, sosial məsafəni gözləsinlər, özlərində hər hansı bir əlamət hiss etdikdə ictimai yerlərdən uzaq dursunlar və s.
Digər tələb nəqliyyat vasitələrinə aid tələblərdir. Xəttə buraxılan nəqliyyat vasitələri tez-tez dezinfeksiya olunmalıdır. Yəni, hər iş gününün əvvəlində və sonunda dezinfeksiya işləri aparılmalıdır. Metodikada, həmçinin dezinfeksiyanin üsulları ilə bağlı da məqamlar öz əksini tapmışdır. Məsələn, nəqliyyat vasitəsinin havalandırılması, sərnişinlərin toxunduğu tutacaqların və digər yerlərin xüsusi məhlullarla təmizlənməsi və s.
Burda bir məsələ də xüsusi vurğulanır ki, sürücülərdə, işçi heyətdə hər hansı bir əlamətlər aşkar olunduqda həmin şəxslər dərhal karantin nəzarətinə götürülməli, təmasda olduğu şəxslər müəyyənləşdirilməli və müvafiq tədbirlər görülməlidir. Bütün bunlar yaranmış gərgin şəraitdə əhalinin həm mümkün mobilliyini təmin etmək, həm də sağlamlığı qorumaq üçün atılan zəruri addımlardır.”
Sevinc Azadi, “İki sahil”

