Manset Siyasət 

Görkəmli şəxsiyyət və dövlət adamı, Azərbaycan xalqının böyük oğlu -Heydər Əliyev

Hər il müyın 10-u ölkəmizdə bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Hər bir azərbaycanlı böyük sevinc hissi ilə xalqımızın böyük oğlu , ümummilli liderimiz Heydər Əliyevi böyük məmnunluq hissi ilə yad  edir. Bu əlamətdar gün böyük tarixi şəxsiyyət, Azərbaycan xalqının unudulmaz oğlunun doğum günüdür.

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.

Xalqımızın dahi oğlu Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə qədim Naxçıvan şəhərində dünyaya göz açmışdır. Ötən əsrin qırxıncı illərindən respublika hüquq mühafizə orqanlarında fəaliyyətə başlamış, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmiş, 1969-cu ilə qədər bu vəzifədə çalışmışdır.

1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edən Heydər Əliyev Azərbaycanı geridə qalmış aqrar respublikadan çiçəklənən, yüksək inkişaf edən bir diyara çevirmişdir. Həmin dövrdə ölkəmiz sənaye, kənd təsərrüfatı, milli kadr potensialının formalaşdırılması, Azərbaycan dilinin Konstitusiyada təsbit olunması və başqa mühüm istiqamətlərdə böyük nailiyyətlər qazanmışdır.

1982-1987-ci illərdə Heydər Əliyev Sovetlər birliyində Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksəlmiş, o dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik ona etibar edilmişdir. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Bu böyük insan bir də 1990-cı ildə xalqının başına gətirilən müsibətlərə dözməyərək siyasi səhnəyə qayıtmağa məcbur oldu.

Xalqın təkidi ilə ikinci dəfə siyasət meydanına qayıdan Heydər Əliyev 1990-cı ilin sentyabrında Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasının Xalq Deputatı seçildi. Bununla da həyatının daha gərgin, məsuliyyətli və şərəfli dövrü başlandı. O, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrdə respublikadan təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvana yeni ümid və həyat vermişdir.

Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, Dağlıq Qarabağ və bir sıra ətraf rayonlar düşmən tərəfindən işğal edilmişdi. Soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşmüş, ölkədə hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Xilas yolunu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görən Azərbaycan xalqı təkidlə onu xilaskarlıq missiyasını yerinə yetirməyə dəvət etdi. Beləliklə, Ulu Öndər 1993-cü ildən ömrünün sonuna qədər,  yəni 2003-cü ilədək memarı və qurucusu olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.

Sovet dönəmində və müstəqillik illərində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində baş verən yüksək inkişaf ümummilli liderin yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti nəticəsində olmuşdur. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə doğma Vətəninin tərəqqisi üçün yorulmadan mübarizə aparmış dahi şəxsiyyətdir. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır. O,  zəngin mədəniyyəti, tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxararaq xalqımıza əmanət etmişdir.  Bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir.

Ulu öndərin arzu və ideyaları bu gün onun siyasi varisi, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Bu yolla inkişaf edən Müstəqil Azərbaycanımız inanırıq ki, bundan sonra da möhtərəm Prezidentimizin rəhbərliyi altında daha böyük nailiyyətlər əldə edəcəkdir.

Nəriman İsmayılov

Bərdə Rayon Qeydiyyat Şöbəsinin rəisi

II dərəcəli ədliyyə qulluqçusu 

Daha çox xəbərlər