Siyasət 

3 oktyabr 1993-cü ildən başlanan dirçəliş

ARANTV.AZ  xəbər verir ki, 25 il əvvəl – 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi insan idi. Məhz ulu öndərin fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada aparıcı söz sahibinə çevrilib.

1993-cü il müasir Azərbaycanın tarixinə, həm də ən ağır illərdən biri kimi yazılıb. Həmin ildə ölkəmizdə yaranan gərginlik, hakimiyyət böhranı, müstəqillik və dövlətçiliyimizin itirilmək qorxusu, Azərbaycanın  xarici düşmənlər tərəfindən hədəfə alınması, bütün fəlakətlər bir-birini izləyirdi. Hakimiyyət böhranı nəticəsndə Gəncədəki qarşıdurma bu gərginliyin kulminasiya nöqtəsi idi. Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Ölkə təşviş içində idi, xalq vəziyyətdən xilas yolunu, özünün xilaskarını axtarırdı. O zaman nəzərlər yenə də Naxçıvana tuşlandı. Xalq yaxşı bilirdi ki, nicat yolu yalnız bir şəxsdə, Vətənini, millətini canından artıq sevən zəngin dövlətçilik təcrübəsinə malik, xalqının güvəndiyi, inandığı Heydər Əliyev idi. O vaxt xalq ciddi təkidlə böyük rəhbəri Bakıya dəvət etdi. Heydər Əliyev xalqının “olum-ölüm” durumunda seyrçi mövqeyində qala bilməzdi və onun çağırışına cavab verdi. 9 iyun 1993-də Bakıya qayıtdı və xalqını bu sınaqdan üzüağ çıxardı. 1993-cü il iyunun 13-də Ali Sovetin növbədənkənar iclasında çıxış edən Heydər Əliyev Gəncəyə getməyə qərar verdi, “milli barışıq, milli həmrəyliyə” çağırdı hər kəsi, “Qardaş qırğınına heç vəchlə yol vermək olmaz” dedi. Heydər Əliyev həmin il iyunun 15-də parlamentin sədri seçildi. Oktyabrın 3-də isə xalq böyük yekdilliklə öz liderinin ölkə Prezidentliyinə səs verdi. Prezident kimi and içən Heydər Əliyev bildirdi ki, indi Azərbaycan üçün iki vacib məsələ var: dövlət quruculuğu və müstəqilliyin qorunması. “Ordu yaradaq, müstəqil dövlətimizin ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyaq” dedi. Və bütün faəliyyəti boyu bu müqəddəs andına sadiq qaldı. Əməlləri ilə sözünü gerçəyə çevirdi, müstəqil və qüdrətli bir dövlətin qurucusu oldu. Xalqa sədaqət, xalqın mənafeyinıə xidmət onun amalı idi. O, 20-ci əsrdə xalqının milli varlığını təmin etdi, xalqının sahiblik hissini özünə qaytardı. Mətin siyasi iradəsi ilə hər şeyə nail oldu. Çox qısa zamanda Azərbaycanı siyasi və iqtisadi böhrandan çıxardı, sabitliyi və qanunun aliliyini bərpa etdi, qanlı müharibəni dayandırdı, cəbhədə atəşkəsə nail oldu, qüdrətli Azərbaycan Ordusu yaratdı, ölkə üçün həyati əhəmiyyət kəsb edən böyük islahatlara imza atdı. Bütün bu işlərin öhdəsindən böyük müdrikliklə gəldi. Öz seçimində yanılmadığını görən xalq 1998-ci ildə yenidən Heydər Əliyev siyasətinə səs verdi.

Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi bir insan idi. Onun fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. Məhz həmin fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada aparıcı söz sahibinə çevrilib. O, iqtisadi göstəriciləri, siyasi nüfuzu, mədəni potensialına görə indi dünyanın ən nüfuzlu ölkələrindən biridir. Bayraqlarımız mötəbər beynəlxalq təşkilatlarda dalğalanır. Biz Avropaya öz mədəniyyətimizlə gedirik. Bu gün  Azərbaycan regionun lider dövlətidir, regionda elə böyük iqtisadi layihə yoxdur ki, orada Azərbaycan iştirak etməsin, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır.

Bəli, Ümummilli lider Heydər Əliyevin həyatı və gərgin fəaliyyəti bahasına dünyaya Günəş kimi doğan Azərbaycan indi beynəlxalq arenada tarixi ənənələrlə müasirliyin ən bariz sintezidir. Bu sintez Heydər Əliyev müdrikliyi və xalqın birliyindən yaranıb.

Daha çox xəbərlər