Siyasət 

Milli Məclisin payız sessiyasında parlamentin İnsan Hüquqları Komitəsinin ilk iclası keçirilib

ARANTV.AZ xəbər verir ki, Milli Məclisin payız sessiyasında parlamentin İnsan Hüquqları Komitəsinin ilk iclası keçirilib. İclasda komitənin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə olunub və təsdiqlənib.

Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə İnsan Hüquqları komitəsinin 6 iclası keçirilib, 10 məsələyə baxılıb. Komitənin Milli Məclisə tövsiyyə etdiyi 8 qanun layihəsi qəbul olunub. Milli Məclis sədrinin müavini, parlamentin İnsan Hüquqları komitəsinin sədri Bahar Muradova görülən işlərdən danışaraq dedi ki, sessiyalar dövründə vətəndaşların müraciətləri ilə bağlı komitədən 506 məktub əlaqədar qurumlara göndərilib və hər birinə də müvafiq cavab alınıb. Müraciətlərin araşdırılması və həlli istiqamətində icra strukturları ilə parlament arasında yaxşı əməkdaşlıq mövcuddur. Millət vəkilləri yaz və növbədənkənar sessiyalardakı fəaliyyəti qənaətbəxs qiymətləndirdilər, payız sessiyası üçün qanunvericilik işləri planını təsdiqlədilər. İclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirə olundu. Uşaqlar üçün zərərli informasiyanın dairəsini müəyyənləşdirəcək qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir. Layihədə uşaqlar üçün zərərli informasiyanın növləri əksini tapır. İnformasiya məhsulunun yaş təsnifatının həyata keçirilməsi yolları xüsusi ardıcıllıqla qeyd olunur və yaş qrupuna aid uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyələri nəzərə alınaraq aparılır. Sənəddə informasiya məhsulunun işarələnməsi, televiziya və radio yayımı vasitəsilə yayımlanmasına aid tələblər, informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə yayılmasının xüsusiyyətləri, və digər məsələlər əksini tapır. Qeyd olundu ki, bu gün ölkə əhalisinin böyük əksəriyyəti internetdən istifadə edir. Bu yüksək göstəricinin yaxşı tərəfləri ilə yanaşı, virtual məkanın yaratdığı mənfi fəsadlar da var ki, bunlar da birbaşa uşaqlara təsir edir. Xüsusilə cəmiyyətə ötürülən zərərli informasiya uşaqlara mənfi təsir göstərir. Çıxışlarda gələcəkdə uşaqların informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanması təklif olundu. Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasında baxılmağa tövsiyə edildi.

Daha çox xəbərlər