Dövlət Gömrük Komitəsinin iki vəzifəli əməkdaşı qaçaqmalçılığa görə işdən çıxarılıb
ARANTV.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin iki əməkdaşı – inspektor və post rəisi qaçaqmalçılığa görə vəzifələrindən azad edilib. Bu barədə Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinə mobil telefonların gömrük nəzarətinə bəyan edilmədən, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcəyi barədə daxil olan əməliyyat məlumatına əsasən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Nazim Muxtarov “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədini keçdikdən sonra saxlanılıb. Ona məxsus əl yükünə yoxlama baxışı zamanı onun baqajında gömrük nəzarəti zamanı bəyan olunmayan müxtəlif markalı 81 telefon, eləcə də telefon aksesuarlarının olduğu müəyyənləşdirilib. Araşdırma zamanı məlum olub ki, Nazim Muxtarov şəxsiyyəti müəyyən edilmiş bir qrup şəxslə əlbir olaraq həmin mobil telefonları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə dair Baş İdarənin inspektoru Hüseynli Ariz Behbud oğlu ilə sövdələşib və sonuncunun vasitəçiliyi ilə dəyəri külli miqdar təşkil edən, 197120 manat dəyərində mobil telefon və aksesuarları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçiriblər. Eyni zamanda, müəyyənləşib ki, İnspektor Ariz Hüseynli əvvəllər də qulluq mövqeyindən istifadə etməklə Baş İdarənin digər əməkdaşı, post rəisi Əliyev Rəhman Qasım oğlu ilə birlikdə qeyd olunan şəxslərlə 500 ABŞ dolları müqabilində dəyəri külli miqdar təşkil edən ətriyyat və kosmetik ləvazimatları, o cümlədən mobil telefonların gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradıblar. Ariz Hüseynli və Rəhman Əliyev dərhal tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən gömrük əməkdaşları barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materialların Baş Prokurorluğa göndərilməsi məqsədilə xidməti araşdırmaya başlanılıb.

