Quba rayonunda arı ailələrinin sayı 10 minə çatıb
ARANTV.AZ xəbər verir ki, Arıçılığın inkişafını şərtləndirən başlıca amillərdən biri ölkəmizin əlverişli iqlim şəraiti və zəngin bitki örtüyünə malik olmasıdır. Elə zəngin floraya malik olan Quba rayonunda da arı ailələrinin sayı ilbəil artır. Lakin təkcə təbii şərait deyil, dövlətin bu sahəyə diqqət və qayğısı da arıçılıq təsərrüfatlarının genişlənməsinə imkan yaradır. Prezidnet İlham Əliyevin hər arı ailəsinə görə 10 manat məbləğində subsidiyaların verilməsinə dair qərarı da arıçıların stimulunu artırıb.
20 ildir arıçılıqla məşğul Zəfər Əzizov 150 arı ailəsinin sahibidir. Qubanın Nərimanabad kəndindən olan təcrübə fermer bu sahənin sirlərinə də yaxşı bələddir. Arının yetişdirilməsi, qidalanması, artırılması qədər toplanılması prosessi də böyük zəhmət tələb edir. Arılarını mövsüm ərzində bölgənin demək olar ki, bütün çiçəkli yerlərinə aparır. Məhsul tədarükü edilir, sonra isə arı ailələri dağlara köçürülür. Fermerin sözlərinə görə işin əsas nüanslarından biri də mövsümünə görə pətəkləri düzgün hazırlamaqdır. Çünki, al-əlvan yaz aylarından sonra mövsümlə əlaqədar məhsuldarlığın nisbətən az olduğu bu vaxtlarda pətəklərin daha balaca və yığcam olması arıların işini yüngülləşdirir.
Arıçılığın inkişafının stimullaşdırılması, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsi məqsədilə hər arı ailəsinə görə ildə 10 manat məbləğində subsidiyaların verilməsi də bu sahəyə marağı artırıb. İndi arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər bu sahənin inkişafı, yeni cinslərin yaradılması üçün səylərini bir qədər də artırmağa çalışırlar.
Ümumiyyətlə son dövrlər arıçılıq təsərrfatının cəlbedicliyini artıran səbəblər çoxdur. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, habelə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında və bal ixracında əhəmiyyətli artım müşahidə edilir. Regionlarda arıçıların sayının ildən-ilə artmasının səbəblərindən biri də bu sahənin az xərc tələb etməklə, çox gəlir gətirməsidir. Digər tərəfdən, məhsulun alıcılıq qabiliyyətinin yüksək olması, sahibkarın satış üçün bazar axtarışında çətinlik yaranmaması, məhsula təkcə ölkə daxilində deyil, xarici bazarlarda da tələbatın artması, ixrac imkanlarının genişlənməsi bu sahənin inkişafına da zərurət yaradır. Hazırda arıçılar paytaxtda təşkil olunan bal yarmarkalarına hazırlaşır.
Hazırda Quba rayonunda ümumilikdə 10 minə yaxın arı ailəsi saxlanılır. Bu il arıçılıq təsərrüfatlarından əldə oluna balın miqdarı isə 50 tondan çoxdur. Arıçılığı inkişaf etdirmək iqtisadi cəhətdən gəlirli, müalicəvi baxımdan xeyrli olmaqla yanaşı kənd təsərrüfatının digər sahələrinə də müsbət təsirini göstərir. Çünki mütəxəssislərin də təsdiqləyi bir fakt var: bitkilərin tozlandırılmasında geniş istifadə olunan arılar, tərəvəzçilik və meyvəçilik sahəsində məhsuldarlığın yüksək olmasına müsbət təsir göstərir. Odur ki, balın min bir dərdə dərman olması əbəs yerə deyilməyib…!

