Region Xəbərləri 

Cocuq Mərcanlı kəndinin məhsulları “Cocuq Mərcanlı” loqosu ilə satışa çıxarılıb

ARANTV.AZ xəbər verir ki, Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin inkişafı daim dövlətin diqqət mərkəzində saxlanılır, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahının yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Belə layihələr sırasında  İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə kənddə yaradılan istixanalar və arıçılıq təsərrüfatları xüsusi yer tutur. Bu təsərrüfatların məhsulları “Cocuq Mərcanlı” loqosu ilə satışa çıxarılıb.

Ruhin Təbrizli Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinidir. Azərbaycan ordusunun 2016-cı ildəki uğurlu əks-hücüm əməliyyatı nəticəsində təhlükəsizliyi təmin olunan və dövlət başçısının sərəncamına əsasən bərpa edilən bu kəndə köçüb yaşayır. Yaşayış üçün burada hər bir şərait yaradılıb. Respublika prezidentinin sərəncamı əsasında Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi  sakinlərin kənd təsərrüfatı ilə məşğul olmalarına da şərait yaradıb. Sakinlər kənddə qarğıdalı, şəkər çuğunduru və başqa bitkilər becərirlər. Gördüyünüz bu istixanalar da İqtisadiyyat Nazirliyi və Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Cocuq Mərcanlı kəndində salınıb. Hər birinin 160 kvadratmetr sahəsi olan 15 istixananın hamısında xiyar əkilib, damcı suvarma sistemi qurulub. İstixanalardan birinin sahibi olan Ruhin Təbrizli deyir ki, onlara toxum, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar verilib. Eləcə də onlara tərəvəzin becərilməsi ilə bağlı 3 ay müddətində təlim və məsləhət xidməti göstərilib. Bütün bu dəstəyin nəticəsi olaraq onlar da bol məhsul yetişdirə biliblər.

Kənd sakinləri istixanalarda yetişdirilən məhsulun satışından mənfəət də əldə ediblər. Bu günlərdə Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə” layihəsi çərçivəsində Cocuq Mərcanlı fermerlərinə dəstək məqsədilə onların yetişdirdiyi məhsulların satışı da təşkil edilib. Kənddəki istixanalarda yetişdirilən 1100 kiloqram xiyar satın alınaraq supermarketlər şəbəkəsi vasitəsilə satışa çıxarılıb. Bundan sonra satışda Cocuq Mərcanlı balı da olacaq. Çünki bu kənddə istixanalarla yanaşı arıçılıq təsərrüfatları da yaradılıb. 15 ailənin hər birinə 10 arı ailəsi verilib. Arıçılar kurs da keçib, arıçılıq avadanlıqları ilə və xəstəliklərə qarşı dərman vasitələri ilə də təmin olunublar. Artıq kənddə ilk bal süzümü də olub.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində təşkil olunan  tədbirin iştirakçıları da istixana və arıçılıq təsərrüfatlarında istehsal edilən məhsullarla tanış oldular. Azərbaycan Prezidentinin yeni həyat bəxş etdiyi Cocuq Mərcanlı kəndində birgə layihələrin icrası Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin daha bir nümunəsi olduğunu vurğulayan İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu layihələrin sakinlərin məşğulluğunun təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırdı. Qeyd edildi ki, layihə çərçivəsində yaradılan təsərrüfatlarda istehsal edilən məhsullar artıq “Cocuq Mərcanlı” loqosu altında satışa çıxarılır.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və TİKA-nın Bakı nümayəndəliyinin proqram koordinatoru Teoman Tiryaki Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatının inkişafındakı əhəmiyyətini vurğuladılar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Cocuq Mərcanlıda fəaliyyət göstərən sahibkarların dəstəklənəcəyini bildirdi. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC ilə Cocuq Mərcanlı fermerləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalandı. Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən Cocuq Mərcanlı kənd orta məktəbinə Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Xəzər” avtomobili hədiyyə edildi.

 

Daha çox xəbərlər