Siyasət 

AŞPA-nın sessiyası Ermənistanın sabiq prezidentlərinin müzakirə olunması ilə başladı

“Ermənistanda xalq ayağa qalxdı, deyilənləri təsdiq edərək sabiq prezidenti diktator elan etdi və devirdi. Avropa Şurası da Ermənistanda demokratik proseslər baş verdiyini təsdiqlədi, yeni hakimiyyətin qələbəsini məhz demokratiyanın təntənəsi kimi dəyərləndirdi. Ermənistanın yeni rəhbərliyi isə hər iki sabiq prezidenti cinayət məsuliyyətinə cəlb etmək istiqamətində qəti addımlar atır. Yaxşı, indi necə başa düşək? Standartlar, qiymətvermələr elə qarışıb ki, normal məntiqlə ondan baş çıxarmaq müşküldür”.

ARANTV.AZ xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib.

Deputat deyib ki, Avropa Şurasının vaxtilə dəstək göstərdiyi, indi fikirlərini öz saytında yerləşdirmək istədiyi iki sabiq prezidenti Ermənistan dövlətinin özü cinayətkar sayır:

“Ermənistan o cinayətkar şəxslərlə bağlı mövqeyini açıq bəyan edib. Avropa Şurası isə bilməzlikdən, ya bilərəkdən buraxdığı həmin səhvləri etiraf etmək fikrində deyil. Avropa Şurası indi Ermənistandakı yeni hakimiyyəti demokratik sayır və lap az öncə elə bu yeni hakimiyyətin devirdiyi Sarkisyanın seçkilərini buradaca necə təqdir və vəsf etdiyini isə sanki unudub. Belə bir çıxılmaz vəziyyətin yaranması qanunauyğundur. Çünki bir ədalətsizlik adətən başqa bir ədalətsizliyi doğurur. İkili standartların tətbiq edilməsi mütləq fəsadlar yaradır və üstündən zaman keçəndən sonra zərbəsi gəlib elə ona tətbiq edənə də dəyir”.

Komitə sədri vurğulayıb ki, AŞPA-da nitq söyləmiş 216 prezident arasında Ermənistanın iki sabiq prezidentinin də çıxışları var:

“Biz burada son 18 il ərzində konkret faktlara və sübutlara əsaslanaraq mütəmadi olaraq işğalçı Ermənistanda cinayətkar rejimin mövcudluğunu, orada terrorizmin dövlət siyasətinə çevrildiyini vurğulamışıq. Sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın öz xalqına və qonşulara qarşı ağır cinayətlərdə bilavasitə iştirak etdiklərini dönə-dönə söyləmişik, ölkədəki prezident seçkilərini hər dəfə, sadəcə, qanun pozuntuları ilə deyil, ağır dövləti cinayətlər törətməklə gerçəkləşdirdiklərini bəyan etmişik. Burada səslənən inkişaf haqqında hesabatlarda isə hər dəfə həqiqətin əksinə olaraq işğalçı və terrorçu Ermənistan ittiham edilməyib, hər dəfə seçkilərin də qanuni keçirildiyi təsdiqlənib.
Son illərdə Avropa Şurasının fəaliyyətindəki əsas narahatlıq doğuran nöqsan kimi ikili standartların mövcudluğu göstərilir. Bu, həqiqətən təşkilatı içəridən yeyən, eroziyaya uğradan ağır bir xəstəlikdir. İkili standartlar olan yerdə heç vaxt nə obyektivlikdən, nə də tam ədalətdən danışmaq mümkündür. Lakin artıq Assambleyanın üzərində işlədiyi və hazırladığı, fəlsəfəsi etibarilə nəcib layihədəki bir məqam istər-istəməz ikili standartlar xəttini davam etdirir, hətta həmin çərçivədən də kənara çıxır. Bəlkə də bu yanaşmaya yeni ad tapmaq, yaxud onu “üçlü standart” adlandırmaq lazım gələcək”.

Türkiyə-Avropa Şurası münasibətlərinə də toxunan R.Hüseynov qeyd edib ki, 70 yaşa çatanda keçmişə baxmaq, keçilmiş yolu, yaşanmış ömrü təhlil etmək təbiidir:

“Bir insan üçün də, bir təşkilatdan ötrü də. Avropa Şurası kimi Türkiyənin də bu təşkilatdakı fəaliyyətinin 70 ili tamam olmaq üzrədir. Bu müddətdə Türkiyə bir demokratik ölkə kimi inkişafda çox uğurlara nail olub. Düşünürəm ki, indi-indi özünün arxada qalan illərdəki fəaliyyətlərini təhlil edən Avropa Şurası Türkiyəyə münasibət məsələsinə də bir qədər tənqidi yanaşmalı, müəyyən korrektələr etməlidir. Son dövrdə burada ən müxtəlif məsələlərlə bağlı Türkiyəyə yanaşmalarda ifrat sərt mövqe hiss edilməkdədir. Zənnimcə, Türkiyəyə münasibətdə daha həssas, daha ədalətli olmaq, ikili standartlardan uzaqlaşmaq lazımdır. Türkiyədəki prezident seçkiləri namizədlərin ən gərgin mübarizəsi şəraitində cərəyan edirdi. Yetərincə demokratik, azad, şəffaf, xalqın iradəsinin dolğun ifadəsi olan seçki də keçirildi. Əlbəttə, həqiqəti hər kəs öz arzuladığı kimi görməyə, öz istədiyi kimi yozmağa cəhd edə bilər. Lakin bu, mahiyyəti dəyişməz. Mən inanıram ki, Türkiyə demokratiyanın inkişafı yolunda daim ardıcıl olacaq, yeni nailiyyətlər də qazanacaq. Elə arxada qalan prezident seçkilərinə də bu baxımdan yanaşmaq lazımdır”.


Ölkə.Az

Daha çox xəbərlər